23.1. Narkoloji nəzarət sahəsində xəbərdaredici tədbirlər narkoloji nəzarət tədbirlərinin tərkib hissəsi olaraq insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin inkişafının və yayılmasının qarşısının alınmasına, insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin və narkoloji xəstəliklərin doğurduğu mənfi nəticələrin narkoloji xəstə və cəmiyyət üçün yaratdığı ziyanın azaldılmasına yönəlir.
23.2. Narkoloji nəzarət sahəsində xəbərdaredici tədbirlər bütün təhsil, tibb, cəzaları icra edən müəssisələrdə və inzibati həbs yerlərində, habelə narkoloji xəstəliklərə düçar olma ehtimalı yüksək olan şəxslər arasında həyata keçirilir. Narkoloji nəzarət sahəsində həyata keçirilən xəbərdaredici tədbirlər aşağıdakılardan ibarətdir:
23.2.1. sağlam həyat tərzinin təbliğ edilməsi və narkoloji xəstəliklərin yayılmasının qarşı təbliğatın aparılması;
23.2.2. əhalinin insan psixikasına təsir göstərən maddələrin istehlakının insanın, ailənin və cəmiyyətin sağlamlığı üçün yaratdığı nəticələr, insan psixikasına təsir göstərən maddələrin vurduğu ziyanın azaldılması məqsədilə görülməsi mümkün olan səmərəli tədbirlər, narkoloji xəstələrin səhhəti üzərində nəzarətin imkanları barədə məlumatlandırılması;
23.2.3. təhsil müəssisələrində insan psixikasına təsir göstərən maddələrin ziyanı barədə mühazirələrin, seminarların, təlim məşğələlərinin keçirilməsi;
23.2.4. narkoloji xəstələrə tətbiq edilə bilən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş təsir tədbirləri və məhdudiyyətlər barədə məlumatlandırılması;
23.2.5. narkoloji xəstəliklərə düçar olmaq ehtimalı yüksək olan şəxslərin müəyyən edilməsi;
23.2.6. xəbərdaredici baxışların (yoxlamaların) həyata keçirilməsi;
23.2.7. insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edilməsinin qarşısının alınması məqsədilə ticarət, xidmət, reklam və digər sahələrdə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qadağanların tətbiq edilməsi.
23.3. Xəbərdaredici tədbirlərin həyata keçirildiyi tibb, təhsil, cəzaları icra edən müəssisələrin və inzibati həbs yerlərinin rəhbərləri dövlət narkoloji tibb müəssisələrinin mütəxəssisləri tərəfindən həyata keçirilən xəbərdaredici tədbirlərə mane olmamalı, ehtiyac olduqda yetkinlik yaşına çatmayanlar, şagirdlər, tələbələr, məhkum edilmiş və barəsində inzibati həbs tənbeh növü tətbiq edilmiş şəxslər arasında xəbərdaredici baxışların (yoxlamaların) keçirilməsini təmin etməlidirlər.
23.4. Bütün səhiyyə işçiləri insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə diqqət yetirməlidirlər. Narkoloji xəstəliklərin qarşısının alınması məqsədilə əhalinin sağlamlığı sahəsində xidmət göstərilərkən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən aşağıdakı şəxslərə xüsusi diqqət yetirilməlidir:
23.4.1. yetkinlik yaşına çatmayanlara;
23.4.2. təhsil müəssisələrinin şagirdlərinə və tələbələrinə;
23.4.3. hamilə və uşağı olan qadınlara;
23.4.4. peşə fəaliyyəti digər şəxslərin həyatı və səhhəti üçün təhlükə ilə bağlı olan şəxslərə;
23.4.5. ağır xəstəliklə əlaqədar həkimin təyinatı əsasında narkotik vasitələri və ya psixotrop maddələri qəbul etmiş şəxslərə;
23.4.6. cəzaları icra edən müəssisələrdə cəza çəkmiş şəxslərə;
23.4.7. ailə tərkibində narkoloji xəstə olan şəxslərə;
23.4.8. müvəqqəti olaraq işsiz olan şəxslərə;
23.4.9. müəyyən yaşayış yeri olmayan şəxslərə;
23.4.10. yoluxucu xəstəliklərdən, HIV/AIDS-dən, hepatitlərdən, cinsi yolla keçən xəstəliklərdən və vərəm xəstəliyindən) əzab çəkən şəxslərə;
23.4.11. psixi xəstələrə.