24.1. Əhalinin narkoloji xəstəliklərə düçar olması hallarının profilaktikası məqsədilə 18 yaşına çatmamış şəxslərə tütün məmulatlarının və spirtli içkilərin satılması, habelə ictimai iaşə obyektləri istisna olmaqla ictimai yerlərdə spirtli içkilərin istifadə edilməsi qadağandır.
24.2. Azərbaycan Respublikasının ərazisində istehsal olunan bütün spirtli içkilərin və tütün məmulatlarının qabları üzərində onların insanın səhhətinə göstərdiyi mənfi təsiri əks etdirən, habelə onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi haqqında qeydlər olmalıdır.
24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24.4. Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.