I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna mənsubdur.
II. Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.
III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər.
IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur.
V. Qanun və qərar layihəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.
VI. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.