Qanunvericilik › Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Nəqliyyat-ekspedisiya müqaviləsi

Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Nəqliyyat-ekspedisiya müqaviləsi yazılı formada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) bağlanılır.

10.2. Nəqliyyat-ekspedisiya müqaviləsinin bağlanılması məqsədilə ekspeditor müştəriyə aşağıdakı məlumatları və sənədləri təqdim edir:

10.2.1. hüquqi şəxs üçün – adı, faktiki və hüquqi ünvanı, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi uçotuna alınması haqqında şəhadətnamənin surətləri;

10.2.2. fərdi sahibkar üçün – soyadı, adı və atasının adı, eləcə də qeydiyyat ünvanı, vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti;

10.2.3. ekspeditor tərəfindən göstərilən nəqliyyat-ekspedisiya xidmətlərinin siyahısı və muzdun məbləği;

10.2.4. nəqliyyat-ekspedisiya xidmətləri üzrə muzdun və nəqliyyat-ekspedisiya müqaviləsinin icrası üzrə çəkilən xərclərin həyata keçirilmə forması və hesablaşma qaydası;

10.2.5. müxtəlif nəqliyyat növləri ilə yüklərin daşınması tarifləri, belə daşımaların müddəti (o cümlədən çatdırılma müddəti), qaydaları və şərtləri haqqında məlumat;

10.2.6. müştərinin sorğu etdiyi digər məlumatlar (əldə edilməsi qanunla məhdudlaşdırılan məlumatlar həmin məlumatlardan istifadəni tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq ekspeditor tərəfindən verilir).

10.3. Nəqliyyat-ekspedisiya müqaviləsində aşağıdakı şərtlər və məlumatlar qeyd edilir:

10.3.1. müqavilənin tərəfləri haqqında məlumatlar:

10.3.1.1. hüquqi şəxslər üçün – adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

10.3.1.2. fərdi sahibkarlar üçün – soyadı, adı, atasının adı, qeydiyyat ünvanı və fərdi identifikasiya nömrəsi, habelə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

10.3.1.3. əcnəbilər və vətəndaşlığı olmayan fərdi sahibkarlar üçün – soyadı və adı (adları), Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda qeydiyyat ünvanı, eləcə də fərdi identifikasiya nömrəsi (olduqda);

10.3.2. nəqliyyat-ekspedisiya xidmətinin növü;

10.3.3. yükün adı, növü, çəkisi və həcmi;

10.3.4. xidmətin göstərilmə, o cümlədən yükün daşınma müddəti;

10.3.5. yükün olduğu yer (çıxış yeri) və təyinat yeri;

10.3.6. tərəflərin hüquqları və vəzifələri;

10.3.7. müştərinin tapşırıqları;

10.3.8. tariflərdə, hərəkət sxemində (marşrutunda), daşınma şərtlərində, nəqliyyat növündə, nəqliyyat vasitələrində, yükün çatdırılma üsulunda, daşınma qaydasında (ardıcıllığında) və müştərinin tapşırıqlarında ediləcək dəyişikliklərin razılaşdırılması qaydası;

10.3.9. ekspeditora ödənilən muzdun məbləği;

10.3.10. müqavilənin müddəti;

10.3.11. tərəflərin məsuliyyəti (o cümlədən tərəflərin iradəsindən asılı olmayan səbəblərdən dəymiş ziyana görə);

10.3.12. müqavilənin ləğvi əsasları və qaydası;

10.3.13. müqavilə ilə müəyyən edilən yüklərin, nəqliyyat vasitələrinin, risklərin sığortası, vurulan zərərə görə mülki məsuliyyətin sığortası və müqavilənin ləğvi nəticəsində tərəflərə dəyən zərərin ödənilməsi şərtləri və qaydası;

10.3.14. mübahisələrin həlli qaydası;

10.3.15. bu Qanunun 27.9-cu maddəsinə uyğun olaraq pretenziya vermək hüququnun başqasına verilməsi halı və təsdiqi qaydası;

10.3.16. hesablaşma qaydası;

10.3.17. tərəflərin məxfi hesab etdiyi məlumatlar;

10.3.18. tərəflərin bank rekvizitləri.

10.4. Müqavilənin digər şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

10.5. Müştəri və ekspeditor qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikasının normativ hüquqi aktlarına zidd olmaması şərtilə, bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlardan əlavə şərtlər müəyyən edə bilərlər.

10.6. Ekspeditor tərəfindən göstəriləcək nəqliyyat-ekspedisiya xidmətlərinin növlərindən asılı olaraq daşıma, tapşırıq, podrat, komissiya və nəqliyyat-ekspedisiya müqavilələrini əhatə edən qarışıq müqavilələr bağlanıla bilər.

10.7. Ekspeditor tərəfindən müştəriyə göstərilən, o cümlədən Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazisində yüklərin ixrac, idxal, tranzit, eləcə də ölkədaxili daşınması ilə bağlı olan nəqliyyat-ekspedisiya xidmətlərinin dairəsi nəqliyyat-ekspedisiya müqaviləsində tərəflərin razılığı ilə müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver