Qanunvericilik › Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Nəqliyyat-ekspedisiya fəaliyyəti həyata keçirilərkən sənədlərin rəsmiləşdirilməsi

Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Nəqliyyat-ekspedisiya müqaviləsi çərçivəsində xidmətlər göstərilərkən yükü müşayiət edən sənədlər, eləcə də aşağıdakı yük-nəqliyyat sənədləri tərtib olunur:

12.1.1. ekspeditora tapşırıq – müştəri tərəfindən tərtib edilir;

12.1.2. ekspeditorun qeydi – ekspeditor tərəfindən tərtib edilir;

12.1.3. anbar qeydi – ekspeditor tərəfindən tərtib edilir;

12.1.4. bu Qanunun 2.1-ci maddəsində qeyd edilən normativ hüquqi aktlarla nəzərdə tutulan digər yük-nəqliyyat sənədləri – həmin normativ hüquqi aktlarla müəyyən edilən qaydada və şəxslər tərəfindən tərtib edilir.

12.2. Yük-nəqliyyat sənədləri rəsmiləşdirilməmiş nəqliyyat-ekspedisiya xidmətləri həyata keçirilə bilməz. Ekspeditora tapşırığın rəsmiləşdirilməsi bu Qanunun 13-cü maddəsi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

12.3. Ekspeditorun qeydində və yük anbarda saxlanılmağa qəbul edilərkən tərtib edilən anbar qeydində aşağıdakı məlumatlar göstərilir:

12.3.1. nəqliyyat-ekspedisiya xidmətlərinin başlanılması və yekunlaşdırılması tarixləri;

12.3.2. yükün qəbul edilməsi;

12.3.3. yükün adı, növü, çəkisi və həcmi;

12.3.4. yükün görünüşü və vəziyyəti;

12.3.5. qablaşdırmanın növü və vəziyyəti;

12.3.6. yükün olduğu yer (çıxış yeri) və təyinat yeri, eləcə də yük yerləri;

12.3.7. yükün dəyəri (müştəri tərəfindən yükün dəyəri elan edildiyi təqdirdə qeyd olunur);

12.3.8. yükün daşınma və ya anbarda saxlanma müddəti;

12.3.9. xüsusi təhlükəli və potensial təhlükəli yük olduqda – təhlükənin konkret növü, rəftar qaydası və belə hallarda yerinə yetirilməli ehtiyat tədbirləri;

12.3.10. nəqliyyat-ekspedisiya xidmətlərinin şərtləri barəsində müştərinin xüsusi göstərişləri;

12.3.11. yüklə birlikdə verilmiş sənədlərin siyahısı;

12.3.12. qeydin tərtib edildiyi yer və tarix;

12.3.13. qeydi tərtib edən şəxsin vəzifəsi, soyadı, adı və atasının adı.

12.4. Ekspeditor qeydinin və anbar qeydinin 1 (bir) nüsxəsi 2 (iki) gün ərzində ekspeditor tərəfindən müştəriyə (yük alana) təqdim edilir.

12.5. Nəqliyyat-ekspedisiya müqaviləsinin tərəfləri bu Qanunun 12.3-cü, 13.1-ci və 13.3-cü maddələrində nəzərdə tutulanlara əlavə olaraq zəruri hesab etdikləri digər məlumatları yük-nəqliyyat sənədlərinə daxil edə bilərlər.

12.6. Beynəlxalq yük daşımaları ilə bağlı nəqliyyat-ekspedisiya xidmətləri həyata keçirilərkən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulan sənədlərin, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən bu sahədə tövsiyə olunan sənədlərin nümunələrindən istifadə olunur.

12.7. Nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən ekspeditor bir yük-nəqliyyat sənədi (ekspeditorun qeydi və ya anbar qeydi) əsasında bir neçə müştərinin yüklərinin daşınmasını həmin müştərilərin hamısının adından yükgöndərən və ya yükalan qismində çıxış etməsi şərtilə təşkil edə bilər.

12.8. Əgər bir neçə müştərinin yükünün aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq daşınmasını təşkil edə bilər.

12.9. Azərbaycan Respublikasının ərazisində daxili daşınan yüklər dövlət dilində, digər ölkələrə daşınan yüklər isə xarici dildə tərtib edilən yük-nəqliyyat sənədləri ilə müşayiət olunur.

12.10. Nəqliyyat-ekspedisiya müqaviləsi ilə başqa hal nəzərdə tutulmadıqda, ekspeditor yükün təyinat yerində daşıyıcıdan təhvil alınması zamanı müvafiq rəsmiləşdirmələrin aparılmasında iştirak edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver