13.1. Müştəri nəqliyyat-ekspedisiya müqaviləsinə uyğun olaraq nəqliyyat-ekspedisiya xidmətlərinin təşkili və göstərilməsi üçün ekspeditora tapşırıq (müştəri, ekspeditor və tapşırığın məzmunu haqqında məlumatların qeyd edildiyi ekspeditora tapşırıq sənədi üzrə) verir. Müştəri ilə bağlanılmış nəqliyyat-ekspedisiya müqaviləsi əsasında verilmiş tapşırıq bu Qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmadıqda, yaxud müqavilənin şərtlərinə zidd deyilsə ekspeditor tərəfindən dərhal icra edilmək üçün qəbul olunur.
13.2. Nəqliyyat-ekspedisiya müqaviləsinin şərtlərindən kənara çıxdığı hallarda müştəri tərəfindən verilən tapşırığın icra edilməsi üçün ekspeditorun yazılı razılığı (kağız daşıyıcıda və ya elektron sənəd formasında) tələb olunur. Müştəri tərəfindən ekspeditordan həmin razılıq alındıqda yeni nəqliyyat-ekspedisiya müqaviləsi bağlanılır.
13.3. Müştəri tərəfindən ekspeditora tapşırıq sənədi doldurulduqdan və imzalandıqdan (o cümlədən elektron qaydada doldurulduqdan və elektron imza ilə imzalandıqdan) sonra nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, ekspeditora kağız daşıyıcıda və ya bu Qanunun 13.6-cı maddəsində göstərilən üsullarla təqdim edilir. Həmin sənəddə tapşırığın düzgün icrası üçün lazım olan bütün məlumatlar, o cümlədən yükün xüsusiyyətləri (xarakteri), markalanması, çəkisi, həcmi və yük yerləri barədə tam və etibarlı məlumatlar qeyd edilməlidir.
13.4. Ekspeditor ekspeditora tapşırıq sənədinə nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş müddətdə, müqavilədə müddət müəyyən edilmədikdə isə 3 (üç) iş günü ərzində baxdıqdan sonra həmin sənəd üzərində tapşırığı qəbul etməsi və ya imtina səbəbi əsaslandırılmaqla, tapşırığı rədd etməsi barədə qeydi müştəriyə təqdim edir.
13.5. Ekspeditora tapşırıq sənədinin icrasına həmin tapşırığın qəbul edilməsi barədə ekspeditorun yazılı razılığının (kağız daşıyıcıda və ya elektron sənəd formasında) müştəriyə çatdığı gündən başlanılır.
13.6. Faksimil və digər elektron vasitələrlə ekspeditora tapşırığın verilməsi və ya verilən tapşırığın dəyişdirilməsi və ya geri götürülməsi qaydası və şərtləri tərəflər arasında bağlanılmış nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilir.