17.1. Müştərinin vəzifələri aşağıdakılardır:
17.1.1. ekspeditor qarşısında nəqliyyat-ekspedisiya müqaviləsi üzrə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək və müqavilədə razılaşdırılmış müddətlərə riayət etmək;
17.1.2. nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda yükü (habelə itirilmədən (məhv olmadan), əskik çıxmadan və ya zədələnmədən (xarab olmadan) qorunması tələb olunan yükləri onlar üçün müəyyən edilmiş tələblərə uyğun olaraq) daşınma üçün hazırlanmış, o cümlədən taralarda və (və ya) qablaşdırmada ekspeditora təhvil vermək;
17.1.3. nəqliyyat növünün, nəqliyyat vasitələrinin, hərəkət sxeminin (marşrutunun), yüklərin çatdırılma üsulunun, daşınma qaydasının (ardıcıllığının) və digər şərtlərinin, yükalanın və ya təyinat yerinin dəyişdirilməsi barədə ekspeditora ən geci 3 (üç) iş günü əvvəlcədən yazılı formada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) və ya bu Qanunun 13.6-cı maddəsində göstərilən üsullarla məlumat vermək və bununla əlaqədar yaranan xərcləri ödəmək;
17.1.4. ekspeditora tapşırığı rəsmiləşdirmək, eləcə də onun tamlığını və etibarlılığını təmin etmək;
17.1.5. nəqliyyat-ekspedisiya müqaviləsi üzrə öhdəliklərin düzgün icra edilməsi, yüklərin təhlükəsiz şəraitdə daşınması, gömrük, fitosanitar, karantin, qida təhlükəsizliyi, sərhəd təhlükəsizliyi, sanitar-gigiyena sahəsində normativ hüquqi aktların, o cümlədən müvafiq texniki reqlamentin tələblərinə riayət olunması üçün zəruri olan müşayiətedici sənədləri ekspeditora təqdim etmək;
17.1.6. nəqliyyat-ekspedisiya müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün zəruri olduqda ekspeditora etibarnamə vermək;
17.1.7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 853.1-ci maddəsində nəzərdə tutulmuş məlumatları, habelə yükün adı, keyfiyyəti və digər xüsusiyyətləri (xarakteri), daşınma şərtləri, eləcə də üçüncü şəxslərə və ya onların əmlakına, digər yüklərə və ya ətraf mühitə zərər vura biləcək tez xarab olma xüsusiyyətləri (xarakteri) barədə ekspeditora tam, dəqiq və etibarlı məlumatları yazılı formada vermək;
17.1.8. ekspeditora verdiyi tapşırığı dəyişdirməsi və ya geri götürməsi barədə 2 (iki) iş günü ərzində məlumat vermək, bununla əlaqədar nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş qaydada ekspeditorun razılığını almaq və yaranan xərcləri və ekspeditorla razılaşdırılmış əlavə muzdu ödəmək;
17.1.9. ekspeditorun nəqliyyat-ekspedisiya müqaviləsinin icrası üzrə çəkdiyi xərcləri (təsdiqedici sənədlər əsasında) və muzdu ödəmək;
17.1.10. Azərbaycan Respublikasının normativ hüquqi aktlarında və ya nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda ekspeditora verdiyi qeyri-dəqiq və ya natamam məlumatlar və ya tapşırıqlar, həmçinin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi nəticəsində ətraf mühitə, əmlaka, ekspeditora və digər şəxslərə vurduğu zərəri ödəmək;
17.1.11. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
17.2. Müştəri ekspeditorun nəqliyyat-ekspedisiya müqaviləsinin icrası üzrə çəkdiyi xərcləri (təsdiqedici sənədlər əsasında) və muzdu ödəyənə və ya həmin ödənişlərin edilməsinə zəmanət verənə qədər ekspeditora yükün saxlanılmasına çəkdiyi xərclər üzrə ödənişləri həyata keçirməlidir.
17.3. Nəqliyyat-ekspedisiya müqaviləsinin şərtlərinə uyğun olaraq müşayiəti daşıyıcı və ya ekspeditor tərəfindən təşkil edilməli yüklər istisna olmaqla, aşağıdakı yüklərin müşayiət olunması onların daşınma təhlükəsizliyinə zəmanət verilməklə və yüklərin daşınması zamanı baş vermiş qəza hadisəsi barədə xəbərdarlıq etməklə, həmçinin qəzanın nəticələrini aradan qaldırmaq üçün lazımi vasitələrə və işçi qüvvəyə malik olmaqla müştəri tərəfindən təşkil edilir:
17.3.1. öz xüsusiyyətlərinə görə xüsusi daşıma şəraiti tələb edən yüklər (partlayıcı və pirotexniki materiallar, radioaktiv, sıxılmış və özüalışan maddələr, sıxılmış və mayeləşdirilmiş qazlar, tezalışan mayelər (maye yanacaqlardan başqa), güclü zəhərləyici təsiri olan maddələr, aşındırıcı maddələr və digər təhlükəli yüklər);
17.3.2. xüsusi mühafizə tələb edən yüklər (qiymətli daşlar və metallar, zərgərlik, incəsənət məmulatları və əntiq əşyalar, rəsm əsərləri, heykəllər və digər incəsənət əsərləri);
17.3.3. daşıma prosesində qulluq tələb edən yüklər (canlı heyvanlar, dərman vasitələri, tez xarab olan mallar, kövrək və qırıla bilən əşyalar, musiqi alətləri, elektron və optik alətlər və digər bu kimi yüklər).