Qanunvericilik › Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Ekspeditorun hüquqları

Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Ekspeditorun hüquqları aşağıdakılardır:

18.1.1. yükgöndərən və yükalan qismində çıxış etmək;

18.1.2. yükü təhvil aldığı (qəbul etdiyi) zaman müştəridən aşkar edilmiş çatışmazlıqların aradan qaldırmasını tələb etmək;

18.1.3. nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda müqavilə üzrə öhdəliklərini yerinə yetirmək üçün üçüncü şəxsləri cəlb etmək;

18.1.4. daşıma müqaviləsi əsasında yüklərin daşıyıcılar tərəfindən daşınmasına nəzarət etmək və ya sərəncamında olan nəqliyyat vasitələri ilə yüklərin daşınmasını həyata keçirmək;

18.1.5. nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulan qaydada nəqliyyatın növünü, nəqliyyat vasitələrini, hərəkət sxemini (marşrutunu), yüklərin çatdırılma üsulunu, daşınma qaydasını (ardıcıllığını) və digər şərtlərini seçmək və ya dəyişdirmək, bu məqsədlə müqavilələr bağlamaq;

18.1.6. müştəridən nəqliyyat-ekspedisiya müqaviləsi üzrə vəzifələrinin icrası üzrə çəkilən xərclərin (təsdiqedici sənədlər əsasında), habelə müqavilə ilə müəyyən edilmiş muzdun ödənilməsini tələb etmək;

18.1.7. müştəridən nəqliyyat-ekspedisiyası müqaviləsinin həmin müqavilədə qeyd edilən tələblərə uyğun yerinə yetirilməsi üçün yükə dair sənədlərin və məlumatların alınmasına qədər nəqliyyat-ekspedisiya müqaviləsi üzrə öhdəliklərin icrasına başlamamaq;

18.1.8. müştərinin nəqliyyat-ekspedisiya müqaviləsinin düzgün yerinə yetirilməsi üçün təqdim etdiyi sənədlərin və məlumatların həqiqiliyini yoxlamaq;

18.1.9. müştərinin tapşırıqlarından kənara çıxmaq zərurəti yarandıqda, xüsusən yükün zədələnməsinə, insanların həyat və sağlamlığına, əmlakın və ətraf mühitin təhlükəsizliyinə təhdidlər yarandığı hallarda bununla bağlı müştərinin əvvəlcədən razılığını almaq üçün bu cür zərurət yarandığı andan dərhal sonra sorğu vermək, eləcə də bu sorğuya 1 (bir) gün ərzində cavab almaq mümkün olmadıqda, müştərini mümkün olduğu ilk anda məlumatlandırmaq şərtilə öz mülahizəsi əsasında hərəkət etmək;

18.1.10. müştərinin bu Qanunun və nəqliyyat-ekspedisiya müqaviləsinin şərtlərinə uyğun olmayan tapşırıqlarının icrasından imtina etmək;

18.1.11. bu Qanunun 19-cu maddəsində qeyd olunan halda yükü saxlamaq və ya saxlanılması üçün üçüncü tərəfə təqdim etmək;

18.1.12. bu Qanunla müəyyən edilmiş qaydada nəqliyyat-ekspedisiya müqaviləsini birtərəfli qaydada ləğv etmək;

18.1.13. bu Qanunun 21.2-ci maddəsində qeyd edilən məqsədlərə nail olmaq üçün ekspeditorların ictimai birliklərini yaratmaq;

18.1.14. bu Qanunda müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

18.2. Ekspeditor təhlükəli, tez xarab olan və xüsusi daşınma şərtləri (şəraiti) tələb edən yükləri müştəri tərəfindən onların daşınma şərtləri (şəraiti) barədə yazılı və ya elektron formada məlumat verildiyi halda qəbul edir (təhvil alır).

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver