Qanunvericilik › Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Pretenziyanın verilmə qaydası

Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi (ekspeditor xidmətlərinin şəxsi, ailə, məişət və sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan digər tələbatların ödənilməsi üçün göstərilməsi zamanı iddianın qaldırılması istisna olmaqla) məcburidir.

27.2. Müştəri, nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalan, habelə subroqasiya hüququ əsasında sığortaçı və ya onların səlahiyyətli nümayəndələri ekspeditora qarşı pretenziya vermək hüququna malikdir.

27.3. Pretenziya yazılı formada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) pretenziya vermək hüququnu təsdiq edən sənədlərlə (müqavilə, etibarnamə, yük-nəqliyyat sənədləri, o cümlədən yükün miqdarını və dəyərini təsdiqləyən sənədlər) birlikdə təqdim edilir. Pretenziya bu Qanunun 28.1-ci maddəsində qeyd olunan iddia müddəti ərzində verilə bilər. Göstərilən müddət aşağıdakılara əsasən hesablanır:

27.3.1. yükün itirilməsi (məhv olması), əskik çıxması və ya zədələnməsi (xarab olması) nəticəsində müştəriyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı – yükün təhvil verildiyi gündən sonrakı gündən etibarən;

27.3.2. nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin icra edilməsi müddətinin pozulması nəticəsində müştəriyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı – müqavilənin müddətinin başa çatdığı gündən sonrakı gündən etibarən;

27.3.3. nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş digər öhdəliklərin icra edilməməsi ilə bağlı bu Qanunun 27.2-ci maddəsində göstərilən şəxslərin bu cür pozuntular barədə bildiyi və ya bilməli olduğu gündən etibarən.

27.4. Pretenziyaya bu Qanunun 27.3-cü maddəsində nəzərdə tutulmuş sənədlər əlavə olunmadıqda ekspeditorun pretenziyanı aldıqdan sonra 2 (iki) həftə ərzində onu baxılmadan geri qaytarmaq hüququ vardır. Bu zaman bu Qanunun 27.3-cü maddəsində nəzərdə tutulmuş sənədlər əlavə edilməklə, ekspeditora qarşı təkrar pretenziya verilə bilər. Ekspeditor göstərilən müddət ərzində pretenziyanı geri qaytarmadıqda, pretenziya baxılmaq üçün qəbul olunmuş hesab edilir.

27.5. Ekspeditor pretenziyaya daxil olduğu tarixdən 1 (bir) ay ərzində baxmalı və pretenziya verənə pretenziyanın qəbul və ya rədd edildiyi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) məlumat verməlidir.

27.6. Ekspeditor ona qarşı olan pretenziyanı qismən qəbul və ya rədd etdikdə, pretenziya verənə qəbul olunmuş qərarın əsaslarını təqdim etməlidir. Bu halda pretenziya ilə birlikdə təqdim edilən sənədlər pretenziya verənə qaytarılır.

27.7. Pretenziya ekspeditor tərəfindən qismən qəbul edildikdə və ya rədd edildikdə, habelə pretenziyaya 1 (bir) ay ərzində cavab alınmadıqda ekspeditora qarşı məhkəmədə iddia qaldırıla bilər.

27.8. Ekspeditor pretenziyanın bu Qanunun 27.3-cü maddəsi ilə müəyyən edilən müddətin üzrlü səbəblərdən ötürülməsi qənaətinə gəldikdə həmin pretenziyanı baxılması üçün qəbul etmək hüququna malikdir.

27.9. Pretenziya vermək hüququnun müştəri tərəfindən yükalana və ya əksinə, habelə yükalan və ya müştəri tərəfindən ekspeditora, yaxud sığortaçıya verilmə halları istisna olmaqla, digər şəxslərə verilməsinə yol verilmir. Pretenziya vermək hüququnun başqasına verilməsi yol-nəqliyyat sənədlərində müvafiq qeydin olması ilə təsdiqlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver