49.1. Lisenziya verilməsi üçün müraciət edən Mərkəzi Banka lisenziya tələb olunan fəaliyyət üzrə ödəniş xidmətlərinin növü göstərilməklə ərizə təqdim edir.
49.2. Bu Qanunun 48.9-cu maddəsinin tələbləri nəzərə alınmaqla, ərizəyə aşağıdakı məlumat və sənədlər əlavə edilir:
49.2.1. hüquqi şəxsin səlahiyyətli orqanının qərarı;
49.2.2. nizamnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənmiş surəti;
49.2.3. nizamnamə kapitalının miqdarı, hər bir iştirakçının payı (səhmi) və payın (səhmin) əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatlar və sənədlər;
49.2.3-1. iştirakçı xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;
49.2.4. ödənilmiş nizamnamə kapitalının məbləğinin bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilmiş minimum miqdardan az olmamasını təsdiqləyən sənəd;
49.2.5. mühüm iştirak payının sahiblərinin bu Qanunun 61.4-cü maddəsinə uyğunluğunu təsdiq edən sənədlər;
49.2.6. müraciət edənin idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin vətəndaş qüsursuzluğuna dair məlumat, o cümlədən icra orqanının rəhbərinin bu Qanunun 60.1-ci və 60.3-cü maddələri ilə müəyyən edilmiş tələblərə cavab verməsini təsdiq edən sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;
49.2.7. müraciət edənin təşkilati strukturu, idarəetmə orqanları, Mərkəzi Bankın müəyyən etdiyi formada iştirakçıları arasındakı münasibətlər və benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat;
49.2.8. göstəriləcək ödəniş xidməti üzrə fəaliyyət proqramı və ilk 3 (üç) il üçün biznes-plan;
49.2.9. müraciət edənin daxili nəzarət və risklərin idarə edilməsi sistemi, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi zamanı fırıldaqçılıq hallarından və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiəsi üçün təhlükəsizlik tədbirlərinə dair məlumat;
49.2.10. fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı;
49.2.11. həssas ödəniş məlumatlarının yazılması, monitorinqi, izlənilməsi və bu məlumatlara girişin məhdudlaşdırılması üzrə prosedurlar.
49.3. Göstəriləcək ödəniş xidməti üzrə fəaliyyət proqramı və biznes-planına, daxili nəzarət və risklərin idarəetmə sistemlərinə, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirlərinə, fövqəladə hallarda fəaliyyətin davamlılığına və bərpa planına, habelə bu Qanunun 49.2.11-ci maddəsində nəzərdə tutulan prosedurlara dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur.