50.1. Lisenziyanın verilməsi üçün müraciətə təqdim edildiyi tarixdən 60 (altmış) təqvim günü müddətində baxılır.
50.2. Mərkəzi Bank baxılmaq üçün təqdim olunmuş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar etdikdə, bu barədə ərizənin qeydiyyata alındığı tarixdən 15 (on beş) iş günü müddətində müraciət edənə yazılı bildiriş təqdim edir və ya göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini izah edir.
50.3. Müraciət edən çatışmazlıqları yazılı bildiriş alındığı tarixdən ən geci 15 (on beş) iş günü müddətində aradan qaldırmalıdır. Mərkəzi Bank tərəfindən yazılı bildirişin təqdim edilməsi və ya göndərilməsi bu Qanunun 50.1-ci maddəsində müraciətə baxılması üçün müəyyən edilmiş müddətin axımını dayandırır və dayandırılmış müddət müraciətə baxılması müddətinə daxil edilmir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılması barədə Mərkəzi Banka yazılı məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur.
50.4. Mərkəzi Bank lisenziyanın verilməsi barədə qərar qəbul etdikdə müraciət edənə 2 (iki) iş günü müddətində dövlət rüsumunu ödəməsi haqqında məlumat verir.
50.5. Lisenziyanın verilməsi üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd Mərkəzi Banka təqdim edildikdən sonra lisenziya 2 (iki) iş günündən gec olmayaraq müraciət edənə təqdim edilir və ya göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd 5 (beş) iş günü müddətində təqdim edilmədikdə lisenziya Mərkəzi Bank tərəfindən ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində müraciət edənə təqdim edilir və ya göndərilir.
50.6. Mərkəzi Bank lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edir:
50.6.1. Müraciət edən ona yazılı bildirişdə qeyd olunmuş çatışmazlıqları bu Qanunun 50.3-cü maddəsi ilə müəyyən olunan müddətdə aradan qaldırmadıqda və ya təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;
50.6.2. göstəriləcək ödəniş xidməti üzrə fəaliyyət proqramı və biznes-plan, nizamnamə kapitalının miqdarı, daxili nəzarət və risklərin idarəetmə sistemləri, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirləri, fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı, habelə bu Qanunun 49.2.11-ci maddəsində nəzərdə tutulan prosedurlar bu Qanunun 49.3-cü maddəsi ilə müəyyən edilən tələblərə cavab vermədikdə;
50.6.3. müraciət edənin idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri vətəndaş qüsursuzluğu tələbinə, icra orqanının rəhbəri bu Qanunun 60.1-ci və 60.3-cü maddələri ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə;
50.6.4. mühüm iştirak payının sahibləri bu Qanunun 61.4-cü maddəsi ilə müəyyən edilmiş tələblərə, benefisiar mülkiyyətçilər isə vətəndaş qüsursuzluğu tələbinə cavab vermədikdə;
50.6.5. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin müraciət edənə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda və ya müraciət edənin ilkin nizamnamə kapitalının mənbəyi məlum olmadıqda.
50.7. Mərkəzi Bank lisenziya verilməsindən imtina barədə qərar qəbul etdikdə, qərar qəbul edildiyi tarixdən 2 (iki) iş günü müddətində imtina səbəbləri göstərilməklə ərizəçiyə təqdim edilir və ya göndərilir.
50.8. Lisenziyanın verilməsindən imtina cavabı almış müraciət edən aşkar edilmiş səhvləri və çatışmazlıqları aradan qaldırdıqdan sonra lisenziya verilməsi üçün təkrar ərizə ilə Mərkəzi Banka müraciət edə bilər. Bu halda müraciətə bu Qanunun 50.1-ci maddəsinə uyğun olaraq yeni müraciət kimi baxılır.
50.9. Müraciət edən lisenziyanın verilməsindən imtina haqqında qərardan məhkəməyə şikayət verə bilər.
50.10. Ödəniş təşkilatı və ya elektron pul təşkilatı yenidən təşkil edildikdə, onun adı və ya hüquqi ünvanı dəyişdirildikdə, o, reyestrdə müvafiq dəyişikliklərin edilməsi və lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə ilə Mərkəzi Banka müraciət edir. Bu Qanunun 48.9-cu maddəsinin tələbləri nəzərə alınmaqla, ərizəyə mövcud lisenziya, yenilənmiş nizamnamə və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənmiş surəti əlavə olunur.
50.11. Bu Qanunun 50.10-cu maddəsinə uyğun olaraq ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan sonra 5 (beş) iş günü müddətində Mərkəzi Bank lisenziyanın yenidən rəsmiləşdirilməsi haqqında müraciətə baxır və təqdim olunan sənədlərdə çatışmazlıq olmadıqda müraciət edənə yenidən rəsmiləşdirilmiş lisenziya verir. Təqdim olunan sənədlərdə çatışmazlıqlar aşkar edildikdə yenidən rəsmiləşdirilmiş lisenziyanın verilməsindən imtina haqqında qərar qəbul edilir və 2 (iki) iş günü müddətində səbəbləri göstərilməklə imtina barədə qərara dair müraciət edənə yazılı məlumat verilir. Yenidən rəsmiləşdirilmiş lisenziya ödəniş təşkilatına və ya elektron pul təşkilatına təqdim edilir və ya göndərilir.
50.12. Ödəniş təşkilatı və ya elektron pul təşkilatı lisenziyasında nəzərdə tutulmayan ödəniş xidmətini göstərmək üçün müraciət etdikdə bu Qanunun 49.2.8 – 49.2.11-ci maddələrində qeyd olunmuş sənədlərdə müvafiq dəyişiklikləri müraciətə əlavə edir. Mərkəzi Bank bu müraciətə 30 (otuz) iş günü müddətində baxaraq qərar qəbul edir. Qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində yenidən rəsmiləşdirilmiş lisenziya və ya lisenziyanın verilməsindən imtina barədə əsaslandırılmış qərar ödəniş təşkilatına və ya elektron pul təşkilatına təqdim edilir və ya göndərilir.
50.13. Ödəniş təşkilatı və ya elektron pul təşkilatı lisenziyasında nəzərdə tutulmayan ödəniş xidmətinin göstərilməsi üçün müraciət etdikdə Mərkəzi Bank tərəfindən ödəniş təşkilatının və ya elektron pul təşkilatının lisenziyasının yenidən rəsmiləşdirilməsi üçün müraciətinə baxılmasına bu Qanunun 50.2-ci, 50.3-cü, 50.6.1-ci və 50.6.2-ci maddələri şamil edilir.
50.14. Lisenziya itirildikdə, zədələndikdə və ya məhv olduqda ödəniş təşkilatı və ya elektron pul təşkilatı lisenziyanın dublikatının verilməsi üçün Mərkəzi Banka ərizə ilə müraciət edir. Zədələnmiş lisenziyanın dublikatının verilməsi ilə bağlı müraciət edildikdə, ərizəyə zədələnmiş lisenziya əlavə olunur.
50.15. Bu Qanunun 50.14-cü maddəsinə uyğun olaraq ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan sonra 7 (yeddi) iş günü müddətində Mərkəzi Bank itirilmiş, zədələnmiş və ya məhv olmuş lisenziyanın dublikatını hazırlayaraq ödəniş təşkilatına və ya elektron pul təşkilatına təqdim edir və ya göndərir.
50.16. Lisenziyanın bu Qanunun 50.10-cu və 50.14-cü maddələrinə uyğun olaraq yenidən rəsmiləşdirildiyi və ya dublikatının verildiyi müddətdə ödəniş təşkilatı və elektron pul təşkilatı öz fəaliyyətini Mərkəzi Bankın təqdim etdiyi müvafiq sənəd əsasında həyata keçirirlər.
50.17. Bu maddəyə uyğun olaraq ödəniş təşkilatının və ya elektron pul təşkilatının yenidən rəsmiləşdirilmiş lisenziyasında Mərkəzi Bank tərəfindən əvvəllər verilmiş lisenziyalara istinad edilir.
50.18. Bu Qanunun 50.2-ci, 50.3-cü, 50.5-ci, 50.7-ci, 50.11-ci, 50.12-ci və 50.15-ci maddələrində göndərilməsi nəzərdə tutulan məlumatlar və sənədlər elektron qaydada, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir.