11.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahədə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Tip təsdiq edilərkən, onların dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir.
11.2. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında qərar bu məqsədlə keçirilən sınaqların müsbət nəticələri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
11.3. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sertifikatla təsdiqlənir. Standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın forması və qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.3-1. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
11.4. Standart nümunələrin və ölçmə vasitələrinin təsdiq edilmiş tipi standart nümunələrin və ya ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilir. Tipi təsdiq edilmiş standart nümunələrin və ya ölçmə vasitələrinin dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
11.5. Ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatın qüvvədə olduğu müddətdə ölçmə vasitələrinin yoxlamalararası intervalı yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişdirilir.
11.6. Tipi təsdiq edilmiş standart nümunələrin və ya ölçmə vasitələrinin hər bir nümunəsinə, onların qoşma sənədlərinə tipin təsdiqi nişanı vurulur. Ölçmə vasitəsinin konstruksiyası ölçmə vasitəsinin tipini təsdiq edən nişanın baxış üçün əlverişli olan yerdə vurulması imkanını təmin etməlidir. Ölçmə vasitəsinin konstruksiyasının xüsusiyyətləri həmin nişanın bilavasitə onun üzərinə vurulmasına imkan vermirsə, nişan qoşma sənədlərə vurulur.
11.7. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqlar ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya edilmiş hüquqi və fiziki şəxslər tərəfindən keçirilir.
11.8. Standart nümunələrin və ya ölçmə vasitələrinin təsdiq edilmiş tipləri haqqında məlumatlar ölçmələrin vəhdətinin təmin olunması üzrə dövlət məlumat fonduna daxil edilir.
11.9. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydası, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələblər və həmin nişanların vurulma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi və standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi qaydaları onların istehsal xüsusiyyətləri (kütləvi və ya tək-tək istehsal) nəzərə alınmaqla müəyyənləşdirilir.
11.10. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmayan standart nümunələri və ölçmə vasitələrini işləyib hazırlayan, istehsal edən, Azərbaycan Respublikasının ərazisinə idxal edən, satan və istismar edən şəxslər həmin standart nümunələri və ölçmə vasitələrini könüllü şəkildə standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqinə təqdim edə bilərlər.