Qanunvericilik › Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Ölçmə vasitələrinin yoxlanılması

Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmə vasitələrindən istifadə edən şəxslər onları yoxlama dövriliyinə uyğun olaraq yoxlamaya təqdim edirlər.

12.2. Ölçmə vasitələrinin yoxlanılması “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.

12.3. Ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum nəzarət edir.

12.4. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin siyahısını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

12.5. Ölçmə vasitələrinin yoxlanılmasının nəticələri yoxlama nişanı və (və ya) yoxlama haqqında şəhadətnamə ilə təsdiq edilir. Ölçmə vasitəsinin konstruksiyası yoxlama nişanının baxış üçün əlverişli olan yerdə vurulmasını təmin etməlidir. Ölçmə vasitəsinin konstruksiyasının xüsusiyyətləri və ya istismar şəraiti yoxlama nişanını bilavasitə ölçmə vasitəsinin üzərinə vurmağa imkan vermirsə, bu nişan yoxlama haqqında şəhadətnaməyə vurulur.

12.5-1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə edilmək üçün nəzərdə tutulmuş ölçmə vasitələrinin yoxlanılmasının nəticəsinə əsasən ölçmə vasitələri istifadəyə yararsız sayılırsa, yoxlama nişanı və (və ya) yoxlama haqqında şəhadətnamə ləğv olunur və yararsızlıq haqqında bildiriş verilir və ya texniki sənədlərdə müvafiq qeydlər aparılır.

12.6. Ölçmə vasitələrinin yoxlanılması qaydası, yoxlama nişanına dair tələblər və yoxlama haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

12.6-1. Ölçmə vasitələrinin yoxlanılmasının nəticələri əsasında təqdim olunmuş ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, habelə yararsızlıq haqqında bildirişin yaradılması, qeydiyyatı və ləğv edilməsi bu Qanunun 5.4-1-ci maddəsində nəzərdə tutulan informasiya sistemi vasitəsilə həyata keçirilir. Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamə və yararsızlıq haqqında bildiriş hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunur.

12.6-2. Ölçmə vasitələrinin yoxlanılmasının nəticələri əsasında təqdim olunmuş ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, yoxlama nişanının və yararsızlıq haqqında bildirişin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

12.8. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmayan ölçmə vasitələri könüllü qaydada yoxlamadan keçirilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver