13.1. Normativ hüquqi aktların layihələrində ölçmələrə, standart nümunələrə və ölçmə vasitələrinə dair tələblərin metroloji ekspertizası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq keçirilir.
13.2. Layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizası Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikasının Su Məcəlləsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Dərman vasitələri haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Baytarlıq haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Geodeziya və kartoqrafiya haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında”, “Avtomobil yolları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Tullantılar haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında”, “Qaz təchizatı haqqında”, “Telekommunikasiya haqqında”, “Poçt haqqında”, “Xidməti və mülki silah haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada keçirilir.
13.3. Məcburi metroloji ekspertizası nəzərdə tutulmayan standartların, layihə-konstruktor və texnoloji sənədlərin metroloji ekspertizası könüllüdür.