Qanunvericilik › Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Dövlət metroloji nəzarətinin təmin edilməsi üsulları

Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Dövlət metroloji nəzarəti aşağıdakı üsullarla təmin edilir:

15.1.1. tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, ölçmə vasitələrinin istismar, istehsal və təmir edildiyi, satıldığı və ya saxlanıldığı yerlərə daxil olmaq, yoxlamanın keçirilməsi üçün zəruri olan sənədləri və məlumatları almaq;

15.1.2. ölçmə vasitələrinin dövlət sınaqlarının keçirilməsində iştirak etmək;

15.1.3. ölçmə vasitələrinin vəziyyətini, istismar və saxlanılma şəraitini yoxlamaq;

15.1.4. istifadə olunan kəmiyyət vahidinin Azərbaycan Respublikasında tətbiqinə icazə verilmiş kəmiyyət vahidinə uyğunluğunu yoxlamaq;

15.1.5. attestasiya edilmiş yoxlama metodikalarının (metodlarının) mövcudluğunu və onlara riayət edilməsini yoxlamaq;

15.1.6. ölçmələrə dair məcburi tələblərə riayət edilməsini yoxlamaq;

15.1.7. ölçülüb qablaşdırılmış malların miqdarının bağlamanın üzərində göstərilən miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblərə riayət edilməsini yoxlamaq;

15.1.8. metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarını, istehsalını, satışını qadağan etmək;

15.1.9. ölçmə vasitəsi ölçmənin tələb olunan dəqiqliyini təmin etmədikdə, yoxlama haqqında şəhadətnamənin və ya yoxlama nişanının ləğvi barədə həmin şəhadətnaməni vermiş və ya yoxlama nişanı vurmuş şəxslər qarşısında vəsatət qaldırmaq;

15.1.10. insanların həyatına, sağlamlığına, dövlətin əmlak maraqlarına, istehlakçıların hüquqlarına, ətraf mühitin təhlükəsizliyinə mənfi təsir göstərən hallarda, həmçinin ölçmə vasitələri metroloji qayda və normalara uyğun olmadığı halda ölçmə vasitələrinin istismarını qadağan etmək;

15.1.11. metroloji qayda və normaların pozulmasının aradan qaldırılması müddətlərini göstərməklə, iradnamə vermək;

15.1.12. metroloji qayda və normaların pozulması haqqında yoxlama aktı və ya inzibati protokol tərtib etmək;

15.1.13. ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərə qadağalar qoyulması haqqında tələbnamələr vermək. Tələbnamə və iradnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir;

15.1.14. metroloji qayda və normaları pozmuş şəxslər barədə məsuliyyət tədbirləri tətbiq etmək;

15.1.15. ölçmə vasitəsi məcburi tələblərə uyğun olmadığı halda üzərinə yararsızlıq nişanı vurmaq.

15.2. Ölçmə vasitələrinin yararsızlıq nişanının forması və onun ölçmə vasitələrinə vurulma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15.3. Dövlət metroloji nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver