Qanunvericilik › Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Ölçmələrə dair tələblər

Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Ölçmələrin nəticələri Azərbaycan Respublikasında tətbiqinə icazə verilmiş kəmiyyət vahidləri ilə ifadə olunmalıdır.

5.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası həmin ölçmə vasitələrinin tipinin təsdiqi prosesində, onların məcburi metroloji tələblərə uyğunluğunun müəyyən edilməsi yolu ilə həyata keçirilir. Digər hallarda ölçmə metodikalarının (metodlarının) metroloji tələblərə uyğunluğu onların attestasiyası yolu ilə təsdiq edilir.

5.3. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyasını ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya edilmiş hüquqi və ya fiziki şəxslər keçirirlər. Attestasiya edilmiş ölçmə metodikaları (metodları) haqqında məlumatlar attestasiyanı keçirən şəxslər tərəfindən ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna verilir. Ölçmə metodikalarının (metodlarının) attestasiyasının nəticələri attestasiya haqqında şəhadətnamə ilə təsdiq edilir.

5.4. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

5.4-1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamə hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunur.

5.4-2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

5.5. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısı, həmin ölçmələrə dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver