11.1. Pambığın alqı-satqısı prosesində pambıq istehsalçısı istehsal etdiyi pambığı emal müəssisəsinə satır və bununla da istehsalçı pambıq və ondan alınan pambıq məhsulları üzərində mülkiyyət hüququnu itirir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycan Respublikasında satılmasına yol verilmir.
11.2. Pambıq emalı müəssisəsi satın aldığı pambığın dəyərini müqavilə şərtlərinə uyğun ödəyərək həmin məhsula və ondan aldığı emal məhsullarına mülkiyyət hüququ əldə edir və onların barəsində sərbəst sərəncam verir.
11.3. Pambığın alqı-satqısı tərəflərin razılığı ilə tərtib edilmiş müqaviləyə əsasən həyata keçirilir və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilir. Alqı-satqı müqaviləsində pambığın toxumluq və ya texniki məqsədlər üçün alınması, pambığın növlər üzrə satınalma qiyməti, kəmiyyət və keyfiyyət göstəriciləri, pambığın dəyərinin ödənilməsi vaxtı və digər şərtlər əks olunmalıdır.
11.4. Pambığın satınalma qiyməti tərəflər arasında razılaşma əsasında pambığın növləri üzrə ayrı-ayrılıqda müəyyən edilir.
11.5. Pambığın alqı-satqı müqaviləsində toxumluq və texniki pambıq istehsalçılarına təsərrüfat işlərinin vaxtında yerinə yetirilməsi üçün pambıq emalı müəssisəsi tərəfindən avans olaraq toxumluq çiyid, mineral gübrələr, bitki mühafizə və digər vasitələrin verilməsi və xidmətlərin göstərilməsi nəzərdə tutula bilər.