Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. İşəgötürən və müəllif

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Müəllif olan işçinin (bundan sonra –– işçi) əmək fəaliyyəti göstərdiyi təşkilati hüquqi formasından asılı olmayaraq müəssisələrin, o cümlədən elmi müəssisə və təşkilatların və ya ali təhsil müəssisələrinin mülkiyyətçisi və ya onun müvəkkil etdiyi müəssisə rəhbəri, səlahiyyətli orqanı, eləcə də “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər işəgötürən sayılırlar.

2. Yaradılan ixtira, faydalı model və sənaye nümunəsi barəsində işəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənir.

Xidməti vəzifəsinin həyata keçirilməsi və ya işəgötürənin yazılı tapşırığı ilə əlaqədar işçinin (o cümlədən müəllim, elmi işçi, doktorant, magistr, tələbə və s.) apardığı fundamental və tətbiqi tədqiqatlar, təcrübi işləmələr və innovativ layihələr nəticəsində yaratdığı ixtira, faydalı model və sənaye nümunəsi üçün patent almaq hüququ, işəgötürənlə onun arasında bağlanılmış müqavilədə başqa şərtlər nəzərdə tutulmamışdırsa, işəgötürənə mənsubdur. Tərəflər arasında bağlanılmış müqavilədə royalti şəklində əldə edilən gəlirlərin bölüşdürülməsi qaydaları göstərilməlidir.

Royalti şəklində əldə edilən gəlirdən ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patentin alınması və qüvvədə saxlanılması üçün işəgötürən tərəfindən həmin gəlirin əldə edildiyi tarixədək çəkilmiş bu Qanunun 39-cu maddəsində göstərilən xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizi müəllifə (və ya müəlliflərə) ödənilir, digər hissəsi isə ixtira, faydalı model və ya sənaye nümunəsinin yaradıldığı işəgötürənin müvafiq struktur bölmələri arasında bölüşdürülür, habelə innovativ fəaliyyətin inkişafına yönəldilir.

İşəgötürən ixtira, faydalı model və ya sənaye nümunəsi üçün alınmış patentin qüvvədə saxlanılmaması barədə qərar qəbul etdikdə müəllif (müəlliflər) hüquqlarının özgəninkiləşdirilməsi haqqında müqavilə üzrə müstəsna hüququn ona verilməsini tələb edə bilər. Əgər müstəsna hüquqların verilməsi işəgötürənin xarici hüquqi və fiziki şəxslərlə bağladığı müqavilələr üzrə öhdəliklərini pozarsa, bu halda işəgötürən hüquqların verilməsindən imtina edə bilər.

3. Bu maddənin 2-ci hissəsinə uyğun ixtira, faydalı model və sənaye nümunəsini yaratmış işçi (işçilər) bu barədə işəgötürənə obyekti yaratdıqdan sonra 1 ay ərzində yazılı bildiriş göndərməlidir.

4. Əgər işəgötürən ixtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədi verməkdən imtina edərsə və ya bildirişi aldığı tarixdən sonra 3 ay müddətində bu hüquqdan istifadə etmək niyyətini işçiyə bildirməzsə, onda bu hüquq işçiyə keçir.

İddia sənədi verilənədək işəgötürən və işçi ixtira, faydalı model və sənaye nümunəsinin mahiyyətini açıqlamamalıdırlar.

5. Bu maddənin 4-cü hissəsinə uyğun olaraq işçi patent aldığı tarixdən 6 ay müddətində işəgötürən lisenziya müqaviləsi üzrə patentdən istifadə olunmasında üstünlük hüququna malikdir.

6. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulan hallar istisna olmaqla bütün digər hallarda işçinin yaratdığı ixtira, faydalı model və sənaye nümunəsinə patent almaq hüququ işçiyə mənsubdur.

7. İşəgötürən işçiyə ixtira, faydalı model və sənaye nümunəsi yaratdığına görə aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müvafiq məbləğdə haqq ödəyir.

İşəgötürən ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnu başqasına verdikdə, bu maddənin 2-ci hissəsi nəzərə alınmaqla, işəgötürənin götürdüyü gəlir işçiyə verilən haqqın məbləğinə uyğun gəlməzsə və ya əgər işəgötürən obyektin istifadəsində iştirakını davam etdirərsə və işçiyə ödənilən haqqa uyğun gəlməyən gəlir götürərsə, işçinin, haqq məbləğinin artırılmasını tələb etmək hüququ vardır.

İxtira, faydalı model və sənaye nümunəsinin istifadəsi zamanı işəgötürənlə işçi arasında bağlanan müqavilədə nəzərdə tutulandan çox iqtisadi səmərə əldə edilərsə, işçinin əlavə haqq almaq hüququ vardır.

İşəgötürən ixtira, faydalı model və sənaye nümunəsinə dair patentlə bağlı hüquqlardan imtina etməyi qərara aldıqda həmin ixtira, faydalı model və sənaye nümunəsi üzrə hüquqların işçiyə verilməsi barəsində müqavilə bağlamağı qabaqcadan ona təklif etməlidir.

8. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlətin milli təhlükəsizliyi ilə bağlı olan xüsusi elmi-tədqiqat və ya layihə-konstruktor işlərinin sifarişçisi olduqda, icraçının bu işləri yerinə yetirməklə əlaqədar yaratdığı ixtira, faydalı model və sənaye nümunələrinə dair münasibətlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

9. İşəgötürən və işçi arasında ixtira, faydalı model və sənaye nümunəsinə dair yaranan mübahisələrə inzibati qaydada və məhkəmədə baxılır.

IV fəsil

İxtİradan, faydalı modeldən və sənaye nümunəsİndən İstİfadə hüququ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver