1. Sənaye mülkiyyəti obyektindən istifadə üçün müstəsna hüquq, digər patent sahiblərinin hüquqlarını və bu Qanunu pozmamaq şərtilə, patent sahibinə mənsubdur.
2. Patent sahibi patentə görə aşağıdakı müstəsna hüquqlara malikdir:
a) patentin obyekti məhsul (məmulat) olduqda, patent sahibinin razılığı olmadan üçüncü şəxs tərəfindən onun icazəsiz istehsalının, istifadəsinin, satış üçün təklif olunmasının, satışının və bu məqsədlər üçün idxalının qarşısını almaq;
b) patentin obyekti üsul olduqda, patent sahibinin razılığı olmadan üçüncü şəxs tərəfindən bu üsulun tətbiqi ilə bağlı hərəkətlərin, habelə bilavasitə bu üsulla alınan məhsuldan istifadənin, məhsulun satışının, satış üçün təklif olunmasının və ya bu məqsədlər üçün idxalının qarşısını almaq.
Patent sahibi həmçinin patentlə bağlı hüquqların vərəsəlik üzrə və ya digər şəxslərə verilməsi, eləcə də patentdən istifadəyə dair lisenziya müqaviləsinin bağlanması üçün müstəsna hüquqlara malikdir.
Mühafizə olunan sənaye nümunəsinin sahibi onun icazəsi olmadan üçüncü şəxs tərəfindən həmin nümunənin və ya ona bənzər olan nümunənin surətini özündə daşıyan və ya tərkibinə daxil edən məmulatın kommersiya məqsədilə hazırlanmasının, satışının və ya idxalının qarşısını almaq hüququna malikdir.
3. Patent sahibi patentlə verilən hüquqlardan dövlətin və cəmiyyətin mənafelərinə xələl gətirmədən istifadə etməlidir.
4. İxtira, faydalı model və sənaye nümunəsinin bir neçə patent sahibi olduqda patent üzrə hüquqlar onların hər biri tərəfindən öz aralarındakı müqaviləyə uyğun başqa hüquqi və ya fiziki şəxsə verilə bilər. Onlar razılığa gələ bilmədikdə mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə məhkəmədə baxılır.