Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. İxtira, faydalı model və sənaye nümunəsinin ilkinliyi

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Paris Konvensiyasına tərəfdar çıxan və ya Ümumdünya Ticarət Təşkilatına üzv olan dövlətdə və ya bu dövlət üçün ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədini həmin dövlətin milli qanunvericiliyində müəyyən olunmuş qaydada vermiş şəxs və ya onun hüquqi varisi iddia sənədi verərkən bu maddənin 2-5-ci və 6-1-ci hissələri ilə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla müvafiq ilkinlik hüququna malikdirlər.

İlkinlik hüququ verildiyi dövlətin milli qanunvericiliyinə, yaxud beynəlxalq müqavilələrə uyğun olaraq düzgün tərtib edilmiş milli iddia sənədinin qüvvəsinə malik olan daha sonra verilmiş iddia sənədi barəsində qəbul edilir.

Bu hissəyə uyğun olaraq ilkinliyə dair istənilən iddianın şərtləri və nəticələri Paris Konvensiyasının Stokholm Aktının 4-cü maddəsində nəzərdə tutulduğu kimi olmalıdır.

2. İxtira, faydalı model və sənaye nümunəsi üzrə ilkinlik ilk iddia sənədinin Paris Konvensiyasına tərəfdar çıxan və ya Ümumdünya Ticarət Təşkilatına üzv olan dövlətdə verilməsi tarixindən müəyyənləşdirilir (konvensiya ilkinliyi), bu şərtlə ki, ixtira və faydalı model barəsində iddia sənədi həmin tarixdən etibarən 12 ay ərzində, sənaye nümunəsi barəsində iddia sənədi isə 6 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilmiş olsun. İddia sənədinin verildiyi gün bu hissədə göstərilən ilkinlik tarixi ilə bağlı müddətə daxil edilmir.

Paris Konvensiyasına tərəfdar çıxan və ya Ümumdünya Ticarət Təşkilatına üzv olan dövlətin ərazisində təşkil edilən beynəlxalq rəsmi sərgidə nümayiş etdirilmiş obyektin ilkinliyi həmin obyektin sərgidə açıq nümayiş etdirildiyi tarixdən xahiş edilə bilər, bu şərtlə ki, ərizə həmin tarixdən ən geci 6 ay keçənədək verilmiş olsun (sərgi ilkinliyi).

Bu müddət konvensiya ilkinliyi müddətini uzatmır.

3. Sənaye nümunəsi üçün konvensiya ilkinliyi hüququndan istifadə etmək istəyən iddiaçı bu istəyini iddia sənədini verərkən və ya iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) daxil olduğu gündən 2 ay ərzində bildirərək iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) daxil olduğu tarixdən 3 ay ərzində əvvəlki iddia sənədinin təsdiqlənmiş surətini təqdim etməlidir.

4. İxtira və ya faydalı model üçün konvensiya ilkinliyi hüququndan istifadə etmək istəyən iddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) iddia sənədini verərkən bu istəyini bildirməli və bu Qanunun 27-1-ci maddəsinin 8-ci hissəsi nəzərə alınmaqla əvvəlki iddia sənədinin verildiyi tarixdən və ya daha əvvəl verilmiş bu cür bir neçə iddia sənədi olarsa həmin əvvəlki iddia sənədlərindən hər hansının daha əvvəl verildiyi tarixdən 16 ay ərzində əvvəlki iddia sənədinin təsdiqlənmiş surətini təqdim etməlidir.

Verilmiş iddia sənədi ixtira, faydalı model və ya sənaye nümunəsi üçün ilkinliyə dair iddia saxlamadığı halda iddiaçı bu istəyini daha sonra bu Qanunun 28-1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müddət ərzində və tələblərə uyğun olaraq bildirə bilər.

İxtira, faydalı model və ya sənaye nümunəsi barəsində əvvəlki iddia sənədi Azərbaycan dilində verilmədiyi və ilkinlik iddiasının həqiqiliyi baxılan ixtira, faydalı model və ya sənaye nümunəsinin patent qabiliyyətliyinin təyin olunmasına aid olduğu halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 10 iş günü müddətində bu barədə verdiyi bildiriş əsasında əvvəlki iddia sənədinin tərcüməsi, tarixlərdən hansının daha gec bitməsindən asılı olaraq, iddiaçının bildirişi aldığı tarixdən 2 ay ərzində və ya bu Qanunun 28-1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müddət ərzində təqdim edilir.

Məlumatda iddiaçı əvvəlki iddia sənədi obyektinə dair biblioqrafiya göstəricilərini təqdim edir.

5. İlkinlik daha əvvəl verilən bir neçə iddia sənədi üzrə müəyyən edilə bilər.

İlkinlik bundan əvvəl ilkinliyi istənilmiş iddia sənədinin daxil olduğu tarixdən müəyyənləşdirilə bilməz.

6. Patent üçün bir iddia sənədində bir neçə ilkinlik iddiası ola bilər. Həmçinin bir və ya bir neçə ilkinliyin iddia olunduğu iddia sənədi ilkinliyin xahiş olunduğu iddia sənədinə və ya iddia sənədlərinə daxil edilməyən bir və ya bir neçə element saxlaya bilər, bu şərtlə ki, hər iki halda ixtira, faydalı model və ya sənaye nümunəsinin vəhdəti gözlənilmiş olsun.

6-1. Bu Qanunun 29-cu maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, ayrılmış iddia sənədi üzrə ilkinlik ilk iddia sənədinin ilkinlik tarixindən müəyyən edilir.

8.

9. Bu maddənin 4-cü hissəsinin birinci və üçüncü abzaslarında nəzərdə tutulan tələblər müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədiyi halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) iddiaçıya bu barədə bildiriş göndərir və ona bildirişi aldığı tarixdən 2 ay ərzində həmin tələbləri yerinə yetirmək imkanı verir. Qeyd edilən müddət ərzində bu tələblər yerinə yetirilmədiyi halda bu Qanunun 28-2-ci maddəsinin 2-ci hissəsi nəzərə alınmaqla ilkinliyə dair vəsatət verilməmiş sayılır.

10. Ekspertiza prosesində oxşar ixtira, faydalı model və sənaye nümunələrinin ilkinlik tarixlərinin eyni olduğu müəyyənləşdirildikdə ilkinlik daha əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilmiş iddia sənədi üzrə müəyyən edilir. Bu tarixlər də eyni olarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) daha əvvəl qeydiyyat nömrəsi almış iddia sənədi (iddiaçılar arasında müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa) birinci sayılır.

11. İddiaçıların ilkinlik barəsində mübahisələrinə Apellyasiya şurasında baxılır. İddiaçı Apellyasiya şurasının qərarı ilə razı olmadığı halda məhkəməyə müraciət edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver