1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti qurtardıqdan və ya ixtira, faydalı model və ya sənaye nümunəsinə patentin verilməsinə dair qərar qəbul etdiyi tarixdən etibarən 2 ay ərzində ixtira, faydalı model və ya sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması üçün dövlət rüsumu ödənilməsi şərtilə ixtira, faydalı model və ya sənaye nümunəsini müvafiq Dövlət reyestrində qeydə alır və iddiaçıya patent verir.
İxtira, faydalı model və sənaye nümunələrinin Dövlət reyestrinə daxil edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilir.
2. Patent sahibi patentin qüvvədə saxlanması üçün illik haqqı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinin verildiyi tarixdən etibarən onun qüvvədə olmasının 3-cü ilindən başlayaraq ödəyir. Patentin qüvvədə saxlanılması üçün haqqın ödənilməsi patentin qüvvədə olduğu il başa çatanadək həyata keçirilmədikdə müəyyən edilmiş əlavə haqq ödənilməsi şərtilə patentin qüvvədə olduğu müddətin bitdiyi tarixdən haqqın ödənilməsi üçün 6 ay əlavə möhlət verilir.
3. Patenti xahiş edən şəxs bir neçə olarsa, onlardan birinə bir patent, qalanlarına isə patentin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) təsdiq edilmiş surəti verilir.
4. Patent sahibinin əsaslandırılmış vəsatəti ilə ona müəyyənləşdirilmiş dövlət rüsumu ödəməsi şərtilə patentin dublikatı verilir.
5. İddiaçı ilə müəllif müxtəlif şəxslər olduqda müəllif patentin surətini almaq hüququna malikdir.
6. Müəllif patentdə öz adının göstərilməsindən imtina edə bilər.