Qanunvericilik › Poçt haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13-4

Maddə 13-4. Maliyyə xidmətləri sahəsində nəzarət

Poçt haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13-4.1. Milli operatorun maliyyə xidmətləri sahəsində fəaliyyəti üzərində nəzarət tədbirləri, o cümlədən aparılan yoxlamalar Mərkəzi Bank tərəfindən bu Qanuna və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

13-4.2. Milli operator maliyyə xidmətlərinə dair prudensial hesabatları Mərkəzi Banka təqdim edir. Hesabatların forması, məzmunu və dövriliyi Mərkəzi Bank tərəfindən müəyyən edilir.

13-4.2-1. Milli operator apardığı valyuta əməliyyatları barədə məlumatı “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Mərkəzi Bankda yaradılmış vahid informasiya sisteminə daxil edir və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edir.

13-4.3. Milli operator tərəfindən prudensial normativlərin və tələblərin pozulmasını, onun maliyyə xidmətləri sahəsində fəaliyyətini bu Qanunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərini pozmaqla həyata keçirməsini, Mərkəzi Bankın verdiyi lisenziya və icazəyə daxil edilmiş məhdudiyyətlərin pozulmasını müəyyən etdikdə, yaxud bu cür pozuntulara səbəb ola biləcək əsaslar aşkar etdikdə, o cümlədən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edilərkən pozuntunun xarakterindən asılı olaraq Mərkəzi Bankın milli operatora qarşı aşağıda göstərilən təsir tədbirlərini tətbiq etmək hüququ vardır:

13-4.3.1. aşkar olunmuş pozuntuların aradan qaldırılması barədə milli operatora icrası məcburi olan göstərişlərin verilməsi;

13-4.3.2. maliyyə xidmətləri sahəsində ayrı-ayrı fəaliyyət növlərinin məhdudlaşdırılması və ya dayandırılması;

13-4.3.3. prudensial normativlərin (tələblərin) artırılması;

13-4.3.4. milli operatorun ayrı-ayrı filialları (şöbələri) tərəfindən göstərilən maliyyə xidmətlərinin bir qisminin məhdudlaşdırılması və ya qadağan edilməsi;

13-4.3.5. maliyyə xidmətlərinə və bu sahədə mühasibat işinə rəhbərlik edən şəxslərin (onların müavinlərinin), habelə daxili audit bölməsinin rəhbərinin vəzifədən azad edilməsi barədə milli operatorun rəhbərliyi qarşısında məsələ qaldırılması və/və ya həmin şəxslərə qarşı qanunvericiliyə müvafiq qaydada inzibati tənbeh tədbirlərinin görülməsi.

13-4.4. Mərkəzi Bank milli operatora verdiyi lisenziyanı aşağıdakı hallarda ləğv edə bilər:

13-4.4.1. milli operatorun öz müraciəti əsasında;

13-4.4.2. lisenziya alınması üçün müraciət edilərkən təqdim edilmiş məlumatların yanlış olduğu aşkar edildikdə;

13-4.4.3. lisenziya qüvvəyə mindiyi gündən milli operator 12 ay müddətində maliyyə xidmətlərinin göstərilməsinə başlamadıqda;

13-4.4.4. milli operator müflis elan edildikdə və ya ləğv edildikdə;

13-4.4.5. milli operatorun nizamnamə kapitalının və ya məcmu kapitalının miqdarı Mərkəzi Bankın milli operator üçün müəyyən etdiyi nizamnamə kapitalının və ya məcmu kapitalın minimum miqdarından az olduqda və ya kapitalın adekvatlıq əmsalı Mərkəzi Bankın milli operator üçün müəyyən etdiyi normativin 25%-dən aşağı düşdükdə;

13-4.4.6. milli operator idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə;

13-4.4.7. milli operator maliyyə xidmətləri sahəsində yol verdiyi ciddi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bank tələblərinə əməl etmədikdə;

13-4.4.8. üç hesabat tarixinə Mərkəzi Banka prudensial hesabat təqdim etmədikdə və ya bilərəkdən Mərkəzi Banka yanlış hesabat və məlumat verildiyi faktları müəyyənləşdirildikdə.

13-4.4.9. milli operator tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tələblər mütəmadi olaraq pozulduqda.

13-4.5. Mərkəzi Bank milli operatorun filial və ya şöbəsinə verdiyi icazəni aşağıdakı hallarda ləğv edə bilər:

13-4.5.1. icazə alınması üçün müraciət edilərkən təqdim edilmiş məlumatların yanlış olduğu aşkar edildikdə;

13-4.5.2. icazəni almış filial və ya şöbə idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə;

13-4.5.3. maliyyə xidmətləri sahəsində icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;

13-4.5.4. filialın və ya şöbənin bağlanması haqqında qərar qəbul edildikdə.

13-4.5.5. icazəni almış filial və ya şöbə tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tələblər mütəmadi olaraq pozulduqda.

13-4.6. Mərkəzi Bank tətbiq etdiyi təsir tədbirləri və sanksiyalar barədə dərhal milli operatora yazılı məlumat verir.

13-4.7. Maliyyə xidmətləri sahəsində aparılan əməliyyatların qanunauyğunluğunu yoxlamaq məqsədi ilə Mərkəzi Bank milli operatordan, o cümlədən onun filial və şöbələrindən idarə edilməsinə və cari fəaliyyətinə dair sənədləri, o cümlədən əməliyyat sənədlərini, mühasibat kitablarını, habelə onlara dair izahat tələb edə və yerində yoxlamalar apara bilər.

13-4.8. Milli operator tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver