I. Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı:
1) zəruri müdafiə və son zərurət halları istisna olmaqla şəxsin tutulması və ya həbsə alınması zamanı təhlükəsiz üsul və vasitələrdən istifadə etməlidir;
2) tutulan və ya həbsə alınan şəxsə özünü təqdim etməklə xidməti vəsiqəsini göstərməlidir;
3) tutulmadan dərhal sonra şəxsə tutulmanın səbəbini, şübhənin mahiyyətini bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməlidir;
4) tutulmuş və ya həbsə alınmış şəxsi təxirəsalınmadan polis orqanına gətirməli, tutulma və ya həbsəalma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir;
5) tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra ona tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanını yaratmalıdır (tutulmuş və ya həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsü ilə verməməlidir); əgər tutulmuş və ya həbs edilmiş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat verməli və bu cür məlumatın verildiyini qeydə almalıdır;
6) tutulmuş və ya həbsə alınmış şəxsin tələbi ilə habelə müdafiəçinin iştirakı məcburi olan hallarda həmin şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququnu təmin etməlidir;
7) tutulmuş və ya həbsə alınmış şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmalı, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlilliyi olan şəxslərə xüsusi diqqət yetirməlidir;
10) məhkəmənin (hakimin) qərarına əsasən, habelə tutulma və ya həbsəalma müddətləri keçəndən sonra tutulan və ya həbsə alınan şəxsi dərhal azad etməlidir.
II. Polis əməkdaşı tutulmuş və ya həbs edilmiş şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlarını təmin edir.