Qanunvericilik › Polis haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Polis tərəfindən mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması

Polis haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. polis əməkdaşı tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırmasına və yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxil olmasına yalnız aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada yol verilir:

1) hakimin qərarı olduqda;

2) digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə.

II. Hakimin qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə aşağıdakı əsaslardan birinin olması barədə dəqiq məlumatı olduğu halda bu Qanunun 25-ci maddəsində müəyyən edilmiş qaydada daxil olur:

1) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi;

2) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi;

3) yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması;

4) yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması;

5) cinayət törətmiş şəxsin bilavasitə “isti izlərlə” təqib edilməsi.

III. Məhkəmənin (hakimin) qərarı və ya bu maddənin I və II hissələrində göstərilmiş hallardan və əsaslardan hər hansı biri olmadan mənzil toxunulmazlığı hüququnu məqsədəuyğunluq, müvəqqəti zərurilik və ya digər mülahizələrlə məhdudlaşdırmaq qadağandır.

V. Bu maddənin müddəaları fiziki və ya hüquqi şəxslərə məxsus qeyri-yaşayış binalarına, tikililərə, torpaq sahələrinə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər obyektlərinə daxilolma hallarına da şamil edilir.

VI. Mənzil toxunulmazlığı hüququnun qanunsuz məhdudlaşdırılmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver