Qanunvericilik › Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 33

Maddə 33. Prokurorluq işçisinin məsuliyyəti

Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Prokurorluq işçisi cinayət törətdikdə ümumi əsaslarla məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının prokurorluq işçilərinin inzibati qaydada həbs edilməsi, gətirilməsi, tutulması, cinayət məsuliyyətinə cəlb edilməsi, həbsə alınması, mənzildə, nəqliyyat vasitəsində, iş yerində axtarış və şəxsi axtarış, telefon və digər vasitələrlə danışığına qulaq asmaq, cinayət başında yaxalanma halları istisna edilməklə, Azərbaycan Respublikası Baş prokurorunun müraciəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin razılığı olmadan həyata keçirilə bilməz. Bu halda dərhal Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə məlumat verilməklə müvafiq sənədlər təqdim edilir. O, razılıq vermədikdə tutulmuş, yaxud həbs olunan şəxs dərhal azad edilir.

Azərbaycan Respublikası Baş prokurorunun toxunulmazlığına dair həmin hərəkətlər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun razılığı olmadan həyata keçirilə bilməz.

Tutulmuş, həbsə alınan və ya məhkum olunan prokurorluq işçiləri digər şəxslərdən ayrı saxlanılır.

Prokurorluq işçisinin barəsində cinayət işini yalnız Azərbaycan Respublikasının Baş prokuroru başlayır və cinayət işi Azərbaycan respublikasının Baş Prokurorluğunda istintaq edilir.

Prokurorluq işçisinin barəsində başlanmış cinayət işinin istintaqı müddətində yekun qərarı qəbul edilənədək prokurorluq işçisi müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən vəzifəsindən kənarlaşdırılır. Vəzifədən kənarlaşdırılmış prokurorluq işçisi haqqında bəraət hökmü çıxarıldıqda və ya cinayət işinin icraatına bəraətedici əsaslarla xitam verildikdə onun səlahiyyətləri bərpa olunur.

Xidməti intizamı pozduğuna, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinə əməl etmədiyinə görə prokurorluq işçisinin barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:

irad tutuma;

töhmət;

şiddətli töhmət;

aşağı vəzifəyə keçirmə;

rütbənin aşağı salınması;

vəzifədən azad etmə (bu halda prokurorluq işçisi üç ayadək müddətdə sərəncamda ola bilər, həmin müddət ərzində şəxsin prokurorluq orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, prokurorluq orqanlarında işə təyin edilir);

prokurorluq orqanlarından xaric etmə;

rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric etmə.

Prokurorluq işçisi “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.

Prokurorluq işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi qaydaları "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Hərbi prokurorların və müstəntiqlərin intizam məsuliyyətinə cəlb edilməsi bu qanunla, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi" ilə və digər qanunlarla tənzim olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver