Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluğun mərkəzi aparatıdır. Azərbaycan Respublikasının Baş Prokurorluğuna birinci müavini, müavinləri, böyük köməkçiləri və köməkçiləri olan Azərbaycan Respublikasının baş prokuroru rəhbərlik edir.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun strukturuna idarə, şöbə və digər qurumlar daxildir. İdarə və şöbələrin tərkibində Azərbaycan Respublikası Baş prokurorunun böyük köməkçiləri hesab edilən idarə rəisləri, köməkçiləri hesab edilən idarə rəislərinin müavinləri və şöbə rəisləri, habelə prokurorlar, müstəntiqlər və əməliyyatçılar vardır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməklə bütün prokurorluq orqanlarının fəaliyyətinə rəhbərlik edir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq:
qanunların icra və tətbiq olunmasına prokuror nəzarəti təcrübəsini öyrənir və ümumiləşdirir, prokuror nəzarətinin təkmilləşdirilməsi və hüquq pozuntularının qarşısının alınması üçün tədbirlər hazırlayıb həyata keçirir;
müvafiq orqanlarla birgə cinayətkarlığın, cinayətlərin açılması vəziyyətinin, cinayət işlərinin hərəkətinin vahid uçotu və statistik hesabatlarına dair metodikanın hazırlanmasında iştirak edir;
prokurorluğun kadrlarının seçilib yerləşdirilməsi və peşə hazırlığının yüksəldilməsi işini təşkil edir;
statistik hesabatları təmin edir, prokuror və istintaq təcrübəsinin ümumiləşdirilməsini və təkmilləşdirilməsini, elmi-texniki vasitələrin tətbiqini təşkil edir;
prokurorluğun maliyyələşdirilməsinə və elmi-texniki təminatına dair təkliflər hazırlanmasını təmin edir;
Azərbaycan Respublikası baş prokurorunun əmr, göstəriş və digər aktlarını həyata keçirir;
Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
Azərbaycan Respublikasının Baş Prokurorluğunda Kollegiya yaradılır.