7.1. Özəl mühafizə müəssisəsi qanunvericiliyə müvafiq olaraq hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, nizamnamə və özəl mühafizə fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərir.
7.2. Özəl mühafizə müəssisələri sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz.
7.3. Özəl mühafizə müəssisəsi mühafizə xidmətlərinin göstərilməsi üçün fiziki və ya hüquqi şəxslərlə mülki qanunvericiliklə və bu Qanunla müəyyən edilmiş qaydada yazılı formada müqavilə bağlamalıdır.
7.4. Mühafizə xidmətlərinin göstərilməsi ilə əlaqədar özəl mühafizə müəssisəsi ilə fiziki və ya hüquqi şəxs arasında bağlanan müqavilədə aşağıdakılar göstərilməlidir:
7.4.1. tərəflər haqqında məlumatlar, o cümlədən özəl mühafizə müəssisəsinə verilmiş xüsusi razılığın (lisenziyanın) nömrəsi və verildiyi tarix;
7.4.2. özəl mühafizə müəssisəsi tərəfindən göstəriləcək mühafizə xidmətlərinin növləri;
7.4.3. tərəflərin hüquq və vəzifələri;
7.4.4. göstərilən mühafizə xidmətlərinin qiyməti;
7.4.5. müqavilənin bağlandığı tarix və qüvvədə olduğu müddət;
7.4.6. müqavilə şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti.
7.5. Müqavilə, onun icrası ilə bağlı materiallar və digər sənədlər özəl mühafizə müəssisəsi tərəfindən müqavilənin qüvvədə olduğu, lakin 3 ildən az olmayan müddətdə saxlanılmalıdır.
7.6. Özəl mühafizə müəssisəsinə mühafizəçi vəzifəsinə qəbul bu Qanunun 9-cu maddəsinin tələblərinə riayət edilməklə həyata keçirilir.