9.1. Mühafizəçi vəzifəsinə 20 yaşına çatmış, mühafizəçilər üçün xüsusi hazırlıq kursunu bitirmiş Azərbaycan Respublikasının vətəndaşları qəbul olunur. Şəxs özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilərkən işəgötürən tərəfindən namizəd barədə 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına müəyyən olunmuş qaydada məlumat verilməlidir.
9.2. Mühafizəçilərin, habelə özəl mühafizə müəssisələrinin və hüquqi şəxslərin mühafizə bölmələri rəhbərlərinin xüsusi hazırlıq, təkmilləşdirmə və ixtisas artırma kursları siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən dövlət təhsil müəssisələri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq (lisenziya) əsasında qeyri-dövlət ixtisaslaşmış təhsil müəssisələri tərəfindən həyata keçirilir. Kursların proqramının və ixtisas tələblərinin müəyyən olunması və onlara riayət olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
9.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizəçinin özəl mühafizə fəaliyyətinə yararlı olub-olmamasının yoxlanılması üçün, o, işə qəbul edilən zaman ilkin, sonra isə ildə bir dəfədən az olmayaraq tibbi müayinələrdən keçirilir.
9.4. Aşağıdakı şəxslər mühafizəçi vəzifəsinə qəbul oluna bilməz:
9.4.1. ruhi xəstəlik, alkoqolizm, narkomanlığa düçar olmaması barədə müvafiq tibbi rəy təqdim etməyən şəxslər;
9.4.2. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;
9.4.3. qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər (qadınlar, habelə qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla);
9.4.4. sağlamlıq barədə müvafiq tibbi arayış təqdim etməyən şəxslər;
9.4.5. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunan və ya qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxslər.
9.5. Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbəri vəzifəsinə bu Qanunla mühafizəçilər üçün nəzərdə tutulmuş tələblərə cavab verən, ali təhsilli, bu vəzifənin icra edilməsi üçün nəzərdə tutulmuş xüsusi hazırlıq kurslarını bitirmiş Azərbaycan Respublikasının vətəndaşları təyin oluna bilər.