Qanunvericilik › Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Qida və yem məhsullarının təhlükəsizliyinə dair ümumi tələblər

Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi qadağandır.

10.2. Aşağıdakı hallarda qida məhsulları təhlükəli hesab edilir:

10.2.1. qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) dövrdə zərərli olduğuna dair sübutlar olduqda;

10.2.2. qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmaması səbəbindən istehlak üçün yararsız olduqda;

10.2.3. qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda.

10.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 10.2-ci maddəsində göstərilən qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların (bu Qanunun 10.2.2-ci maddəsində nəzərdə tutulmuş qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması halları istisna olmaqla) istifadəçilər üçün açıq reyestri aparılır.

10.4. Bu Qanunun 10.3-cü maddəsində göstərilən reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

10.5. Aşağıdakı hallarda yem məhsulları təhlükəli hesab edilir:

10.5.1. heyvan sağlamlığına zərərli olmasına dair sübutlar olduqda;

10.5.2. heyvan mənşəli qida məhsulunu insan istehlakı üçün yararsız etdikdə.

10.6. Təhlükəli hesab edilən qida və yem məhsulu bir bağlamanın, partiyanın, yaxud eyni sinfə və ya təsvirə malik yükün hissəsi olduqda və həmin bağlamada, partiyada və yükdə olan digər qida və yem məhsullarının təhlükəsizliyi barədə sübut tapmaq mümkün olmadıqda, həmin bağlamada, partiyada və yaxud yükdə olan bütün qida və yem məhsulları təhlükəli hesab edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver