Qanunvericilik › Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu

Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, o cümlədən qida və yem məhsullarında qalıqların maksimum miqdarına, məhsulların tərkibində istifadəsinə yol verilən maddələr və onların müəyyən edilmiş hədlərinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla (sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalar ilə) müəyyən edilir.

9.2. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunla müəyyən olunmuş tələblər və qida təhlükəsizliyinin prinsipləri nəzərə alınmaqla hazırlanır və qəbul edilir.

9.3. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar bu Qanunun 9.4-cü maddəsində göstərilən hal istisna olmaqla, müvafiq beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş beynəlxalq standartlar, təlimatlar və tövsiyələr əsasında hazırlanır.

9.4. Beynəlxalq standart, təlimat və tövsiyələrin Azərbaycan Respublikasının sanitar və baytarlıq xüsusiyyətlərinə görə, habelə xəstəliklərin yayılması səbəbindən sanitar mühafizənin zəruri səviyyəsini təmin etmək üçün qənaətbəxş hesab edilməməsinə və ya sanitar mühafizənin daha yüksək səviyyəsinin təmin edilməsi zərurətinə dair elmi sübutlar vardırsa, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar həmin beynəlxalq standart, təlimat və tövsiyələrin tələblərindən fərqli tələblər müəyyən edə bilər.

9.5. Beynəlxalq standart, təlimat və tövsiyələr mövcud olmadıqda və ya sanitar mühafizənin zəruri səviyyəsini təmin etmək üçün onların qənaətbəxş hesab edilməməsi səbəbindən həmin beynəlxalq standart, təlimat və tövsiyələrdən istifadə olunmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar hazırlayarkən mövcud elmi sübutları nəzərə almaqla, risklərin qiymətləndirilməsini aparır və texniki normativ hüquqi aktlarda risklərin qiymətləndirilməsinin nəticələrini nəzərə alır.

9.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, həmin müqavilələrə üzv olan ölkələrə qida təhlükəsizliyi sahəsində hazırlanan yeni texniki normativ hüquqi aktlar haqqında bildiriş aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) məlumat və bildiriş mərkəzi vasitəsilə göndərilir:

9.6.1. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar mövcud olan müvafiq beynəlxalq standartlara, təlimatlara, tövsiyələrə uyğun olmadıqda;

9.6.2. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanmasında istifadə etmək üçün müvafiq beynəlxalq standartlar, təlimatlar, tövsiyələr mövcud olmadıqda;

9.6.3. qida təhlükəsizliyi sahəsində hazırlanan texniki normativ hüquqi aktlar ticarət tərəfdaşlarının ixrac imkanlarına təsir etdikdə.

9.7. Hər hansı xarici və yerli qida subyektinin və ya Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşının müraciətinə əsasən, məlumat və bildiriş mərkəzi qida və yem məhsullarının təhlükəsizliyi sahəsində aşağıdakılara dair məlumatın ödənişsiz olaraq verilməsini təmin edir:

9.7.1. qida və yem məhsullarının təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar və ya texniki normativ hüquqi aktların layihələri;

9.7.2. qida təhlükəsizliyi ilə bağlı nəzarət prosedurları, qeydiyyat, təsdiq və sertifikatlaşma qaydaları;

9.7.3. qida məhsulunun insan sağlamlığı üçün yaratdığı riskin təhlili üzrə prosedurlar və metodlar;

9.7.4. sanitar mühafizənin zəruri səviyyəsini müəyyən edərkən nəzərə alınan amillər.

9.8. Bu Qanunun 9.7-ci maddəsində nəzərdə tutulmuş məlumatlar xarici qida subyektinə və ya Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş dillərdən birində verilir.

9.9. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar hazırlanarkən onların xarici ticarəti sanitar mühafizənin zəruri səviyyəsini təmin etmək üçün tələb olunan həddən artıq məhdudlaşdırmaması və qida subyektlərinin fəaliyyətinə əsassız maneə yaratmaması nəzərə alınmalıdır.

9.10. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tələb edilən sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin etdiyi müəyyən edilərsə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, bu cür texniki normativ hüquqi aktların Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyi tanınır.

9.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver