Qanunvericilik › Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Risklərin elmi sübutlarla təhlili

Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Həyat və sağlamlığın mühafizəsini təmin etmək məqsədilə qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsi elmi sübutlardan və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş standartlardan, tövsiyələrdən və qaydalardan istifadə etməklə, risklərin təhlili prinsipinə əsaslanır.

6.2. Risklərin təhlili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

6.3. Qida və yem məhsulunun həyat və sağlamlığa yarada biləcəyi təhlükələrə dair risklərin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

6.4. Risklərin qiymətləndirilməsi mövcud elmi məlumatlardan, müvafiq ilkin istehsal, istehsal və ya emal üsullarından, yoxlama, monitorinq və auditin nəticələrindən, laboratoriya tədqiqatı üsullarından, konkret xəstəliklərin yayılma dərəcəsi ilə bağlı məlumatlardan istifadə etməklə müstəqil, qərəzsiz və şəffaf şəkildə aparılır.

6.5. Risklərin qiymətləndirilməsi aşağıdakı mərhələlərlə həyata keçirilir:

6.5.1. qida məhsullarının insan orqanizminə yarada biləcəyi təhlükələrin müəyyən edilməsi;

6.5.2. bioloji, kimyəvi və fiziki təsirlərlə əlaqədar qida məhsullarının, habelə qida mənbəyi olan heyvanların və bitkilərin insan orqanizminə yarada biləcəyi təhlükələrin xarakterizə edilməsi;

6.5.3. müəyyən olunmuş hər bir mümkün təhlükəyə məruzqalma ehtimalının qiymətləndirilməsi;

6.5.4. müəyyən olunmuş risklərin xarakterizə edilməsi, eləcə də risklərin qarşısının alınması, azaldılması (məhdudlaşdırılması) və aradan qaldırılması tədbirlərinə dair təkliflərin verilməsi.

6.6. Risklərin idarə edilməsi tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən risklərin qarşısının alınması, azaldılması (məhdudlaşdırılması) və aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir.

6.7. Risklər haqqında məlumatlandırma tədbirləri çərçivəsində qida və yem məhsulları ilə bağlı mövcud və potensial təhlükələr barədə istehlakçılara, qida subyektlərinə, dövlət orqanlarına (qurumlarına), habelə digər maraqlı şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vaxtında, düzgün və ətraflı məlumat verilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver