Qanunvericilik › Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Həyat və sağlamlığa mümkün təhlükənin qarşısının alınması üçün müvəqqəti tədbirlərin tətbiqi

Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Mövcud məlumatların təhlilindən sonra həyat və sağlamlığa təhlükə ehtimalı müəyyən olunduqda, lakin elmi qeyri-müəyyənlik davam etdikdə, daha ətraflı risk qiymətləndirilməsinin aparılması üçün əlavə elmi məlumatların əldə edilməsinə qədər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyat və sağlamlığın qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə aşağıdakı müvəqqəti tədbirlər həyata keçirilə bilər:

7.1.1. qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi fəaliyyətinin məhdudlaşdırılması və ya qadağan edilməsi;

7.1.2. qida təhlükəsizliyi sahəsində əlavə tələblərin müəyyən edilməsi;

7.1.3. qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi.

7.2. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan tədbirlər risklərin səviyyəsinə mütənasib olmalı, həyat və sağlamlığın qorunması məqsədilə zəruri olduğundan daha artıq həcmdə ticarət fəaliyyətini məhdudlaşdırmamalı və həmin tədbirlərin tətbiqi nəzərdən keçirilərkən texniki və iqtisadi imkanlar və amillər, habelə zəruri olan digər aidiyyəti hallar nəzərdən keçirilməlidir.

7.3. Həyat və sağlamlığa müəyyən olunmuş riskin xarakterindən, habelə elmi qeyri-müəyyənliyin aradan qaldırılması və daha ətraflı risk qiymətləndirilməsinin aparılması üçün zəruri olan elmi məlumatların növündən asılı olaraq bu Qanunun 7.1-ci maddəsi əsasında tətbiq edilən tədbirlər ağlabatan müddət ərzində, lakin hər bir halda 6 ay müddətindən gec olmayaraq yenidən nəzərdən keçirilməlidir.

7.4. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan tədbirlərin tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver