Qanunvericilik › Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Qiymətləndiricinin və qiymətləndirici təşkilatın vəzifələri

Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Qiymətləndiricinin vəzifələri aşağıdakılardır:

12.1.1. qiymətləndirmə fəaliyyətini qiymətləndirmə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirmək;

12.1.2. qiymətləndirməni həyata keçirərkən sifarişçidən və ya üçüncü şəxslərdən alınmış sənədlərin və məlumatların konfidensiallığını (məxfiliyini) təmin etmək və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, belə məlumatları açıqlamamaq;

12.1.3. qiymətləndirmənin aparılmasına mane olan səbəblər barədə dərhal sifarişçini xəbərdar etmək;

12.1.4. sifarişçinin müraciəti əsasında qiymətləndirmənin nəticələrinin izahatını vermək və əsaslandığı normativ hüquqi aktlar barədə məlumat vermək;

12.1.5. sifarişçinin hər hansı zəruri məlumatı verməkdən imtina etməsi qiymətləndirməyə əsaslı təsir göstərərsə, qiymətləndirməni aparmaqdan imtina etmək;

12.1.6. bu Qanunun 16-cı maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər olduqda, qiymətləndirməni aparmaqdan imtina etmək;

12.1.7. qiymətləndiricinin etik davranış qaydalarına riayət etmək, qiymətləndirməni obyektiv və keyfiyyətlə aparmaq;

12.1.8. fəaliyyəti müddətində peşə məsuliyyətini sığorta etdirmək;

12.1.9. sifarişçinin tələbi ilə Qiymətləndiricilər Palatasına üzvlük vəsiqəsini təqdim etmək;

12.1.10. qiymətləndirmənin nəticələri haqqında hesabatın nüsxəsini elektron və ya kağız daşıyıcıda 5 (beş) ildən az olmayan müddətdə saxlamaq;

12.1.11. Qiymətləndiricilər Palatasına üzvlük haqqı ödəmək;

12.1.12. əmək müqaviləsi bağladığı qiymətləndirici təşkilat haqqında məlumatı Qiymətləndiricilər Palatasına təqdim etmək.

12.2. Qiymətləndirici təşkilat əmək müqaviləsi bağladığı qiymətləndiricilər tərəfindən bu Qanunun 12.1-ci maddəsində müəyyən edilən vəzifələrin yerinə yetirilməsinə nəzarət etməli və bu Qanunun 16-cı maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlərə əməl etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver