11.1. Qiymətləndirici və qiymətləndirici təşkilat aşağıdakı hüquqlara malikdir:
11.1.1. qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, qiymətləndirmə üzrə yanaşma və metodları müstəqil seçmək;
11.1.2. qiymətləndirmə prosesində sifarişçidən zəruri olan sənədləri tələb etmək, əlavə məlumat və izahatlar almaq;
11.1.3. qanunla qorunan sirr təşkil edən məlumatlar istisna olmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq;
11.1.4. qiymətləndirmənin aparılmasına müqavilə əsasında mütəxəssisləri cəlb etmək;
11.1.5. sifarişçi müqavilə şərtlərini pozduqda və qiymətləndirmə obyekti barəsində zəruri hesab edilən məlumatları vermədikdə, habelə qiymətləndirmənin aparılması üçün təhlükəsiz və normal iş şəraiti yaratmadıqda qiymətləndirməni həyata keçirməkdən imtina etmək;
11.1.6. sifarişçidən qiymətləndirməyə görə xidmət haqqını tələb etmək.
11.2. Qiymətləndirici bu Qanunun 6-cı maddəsində müəyyən edilmiş qaydada müvafiq ixtisas şəhadətnamələrini əldə etməklə, bu Qanunun 4-cü maddəsində göstərilən bir neçə istiqamət üzrə qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququna malikdir.