Qanunvericilik › Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Qiymətləndirmə üçün əsas

Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Bu Qanunun 9.2-ci maddəsi nəzərə alınmaqla qiymətləndirmə sifarişçi ilə qiymətləndirici və ya qiymətləndirici təşkilat arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq yazılı formada bağlanılan müqavilə əsasında həyata keçirilir. Qiymətləndirmə haqqında müqavilədə azı aşağıdakı məlumatlar göstərilməlidir:

9.1.1. qiymətləndirmə fəaliyyətinin istiqamətindən, növündən və xüsusiyyətlərindən asılı olaraq qiymətləndirmə obyektinin adı, yerləşdiyi ünvan (yer), təsviri, habelə həmin qiymətləndirmə obyektinin dövlət reyestrlərində qeydiyyatı barədə məlumat (olduğu halda);

9.1.2. qiymətləndirmə aparılarkən istifadə olunan qiymətləndirmə üzrə yanaşma və metodlar;

9.1.3. qiymətləndirmənin aparılması üçün xidmət haqqının məbləği və ödənilməsi qaydası;

9.1.4. sifarişçi dövlət orqanı (qurumu), bələdiyyə və ya hüquqi şəxs olduqda onun adı, hüquqi ünvanı və bank rekvizitləri, VÖEN-i, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, yaşayış yeri barədə məlumat və olduğu halda VÖEN-i;

9.1.5. müqavilə qiymətləndirici ilə bağlandıqda qiymətləndiricinin soyadı, adı, atasının adı, fəaliyyət göstərdiyi ünvan və VÖEN-i;

9.1.6. müqavilə qiymətləndirici təşkilatla bağlandıqda qiymətləndirici təşkilatın adı, hüquqi ünvanı, bank rekvizitləri və VÖEN-i, qiymətləndiricinin soyadı, adı, atasının adı və fəaliyyət göstərdiyi ünvan;

9.1.7. qiymətləndiricinin ixtisas şəhadətnaməsinin verilmə tarixi, nömrəsi;

9.1.8. tərəflərin hüquqları, öhdəlikləri və məsuliyyəti;

9.1.9. qiymətləndirmə aparılarkən əldə olunan məlumatların və sənədlərin, habelə qiymətləndirmənin nəticələrinin konfidensiallığının təmin olunması şərtləri;

9.1.10. qiymətləndirmənin aparılması və nəticələri ilə bağlı yaranan mübahisələrin həlli qaydası.

9.2. Qanunla müəyyən edilən hallarda qiymətləndirmə məhkəmənin və ya inzibati orqanın qiymətləndirmənin təyin olunması haqqında qərarı və icra məmurunun sifarişi əsasında da aparıla bilər. Qiymətləndirməni təyin (sifariş) edən orqan və ya vəzifəli şəxs qiymətləndiricini bu Qanunun tələblərinə uyğun olaraq qiymətləndirmə obyektinin mülkiyyətçisi ilə razılaşdırmaqla seçir. Belə razılıq əldə olunmazsa, qiymətləndirici Qiymətləndiricilər Palatası tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver