10.1. Qiymətləndirici tərəfindən qiymətləndirmənin nəticələri haqqında iki nüsxədə hesabat tərtib edilir. Hesabatın bir nüsxəsi sifarişçiyə verilir, ikinci nüsxəsi isə qiymətləndiricidə saxlanılır.
10.2. Qiymətləndirmənin nəticələri haqqında hesabatda azı aşağıdakı məlumatlar göstərilməlidir:
10.2.1. hesabatın tərtib olunma tarixi;
10.2.2. qiymətləndirmənin aparıldığı müddət və qiymətləndirmə obyektinin dəyərinin müəyyən edildiyi tarix;
10.2.3. bu Qanunun 4-cü maddəsi nəzərə alınmaqla qiymətləndirmə obyektinin (obyektlərinin) adı, yerləşdiyi ünvan (yer), təsviri (foto və ya videomateriallar), dövlət reyestrlərində qeydiyyatı barədə məlumat (olduğu halda);
10.2.4. qiymətləndirmənin aparılması üçün əsas;
10.2.5. qiymətləndirmə aparılarkən istifadə olunan qiymətləndirmə üzrə yanaşma və metodlar, onlardan istifadənin əsaslandırılması;
10.2.6. qiymətləndiricinin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və VÖEN-i, qiymətləndirici təşkilatın adı, hüquqi ünvanı, bank rekvizitləri və VÖEN-i;
10.2.7. qiymətləndiricinin ixtisas şəhadətnaməsinin verilmə tarixi və nömrəsi;
10.2.8. qiymətləndirmə aparılarkən istifadə olunan məlumatların, o cümlədən qiymətləndirmə obyektinin kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən edən sənədlərin siyahısı və onların əldəolunma mənbələri;
10.2.9. qiymətləndirmə obyektinin dəyərinin yekun məbləği.
10.3. Qiymətləndirmənin nəticələri haqqında hesabat qiymətləndirici tərəfindən imzalanır, müqavilə qiymətləndirici təşkilatla bağlandığı halda, həmçinin həmin təşkilatın möhürü ilə təsdiq edilir.
10.4. Qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Hesabatda qiymətləndirmə obyektinin dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi hesab olunur.
10.5. Qiymətləndirmənin nəticələri haqqında hesabat maliyyə, statistik uçot və digər hesabatlarda istifadə edilə bilər.