5.1. İnvestisiya qiymətli kağızlarının kütləvi təklifi emissiya prospekti və ya informasiya memorandumu ilə müşayiət olunur. Emitent və ya investisiya qiymətli kağızlarını təklif edən şəxs investisiya qiymətli kağızlarının tənzimlənən bazarda ticarətə buraxılması üçün emissiya prospekti və ya informasiya memorandumu tərtib etməlidir.
5.2. Emissiya prospektində və informasiya memorandumunda emitentin maliyyə vəziyyəti və emissiya edilən investisiya qiymətli kağızları ilə təsbit edilmiş hüquqlar əks olunmalıdır. Emissiya prospektinin və informasiya memorandumunun mətni dəqiq və səlis olmalıdır.
5.3. Emissiya prospektinə və informasiya memorandumuna dair tələbləri Mərkəzi Bank müəyyən edir.
5.4. Emissiya prospektinin və informasiya memorandumunun tərtib edilməsində iştirak edən şəxslər adlarını və yerləşdikləri ünvanı göstərməklə, emissiya prospektində və informasiya memorandumunda olan məlumatların həqiqi faktlar əsasında hazırlanmasına dair bəyanatlarını emissiya prospektinə və informasiya memorandumuna daxil etməlidirlər.
5.5. Emissiya prospektinin əvəzinə aşağıdakı hallarda informasiya memorandumu tərtib edilir:
5.5.1. investisiya qiymətli kağızları, o cümlədən bu növ investisiya qiymətli kağızlarına hüquqlar qoşulan hüquqi şəxsin səhmdarlarına və ya payçılarına təklif edildikdə və onların arasında yerləşdirildikdə;
5.5.2. investisiya qiymətli kağızları, o cümlədən bu növ investisiya qiymətli kağızlarına hüquqlar ayrılan hüquqi şəxsin səhmdarlarına və ya payçılarına təklif edildikdə və onların arasında yerləşdirildikdə;
5.5.3. investisiya qiymətli kağızlarının buraxılışının məbləği Mərkəzi Bankın müəyyən etdiyi məbləğdən az olduqda;
5.5.4. emitent tərəfindən bir təqvim ili ərzində buraxılan investisiya qiymətli kağızlarının məcmu nominal dəyəri Mərkəzi Bankın müəyyən etdiyi məbləğdən az olduqda;
5.5.5. peşəkar investorlara ünvanlanan təklif edildikdə.
5.6. Aşağıdakı hallarda emitent emissiya prospektinin və informasiya memorandumunun tərtib edilməsindən azaddır:
5.6.1. dövlət və ya bələdiyyə, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və ya Mərkəzi Bank tərəfindən investisiya qiymətli kağızları emissiya edildikdə;
5.6.2. dövlət zəmanəti ilə təmin edilən investisiya qiymətli kağızları emissiya edildikdə;
5.6.3. hər bir investor üçün təklif edilən investisiya qiymətli kağızlarının dəyəri Mərkəzi Bankın müəyyən etdiyi məbləğdən çox olduqda;
5.6.4. səhmdarlardan ödəniş tələb etməyən və dividendlərin ödənilməsi əvəzinə mövcud olan səhmlərlə eyni növdə buraxılan səhmlər emissiya edildikdə;
5.6.5. tənzimlənən bazarda bir təqvim ili ərzində buraxılan səhmlər emitentin nizamnamə kapitalının on faizindən az olan hissədə kütləvi təklif edildikdə;
5.6.6. investisiya qiymətli kağızları konvertasiya edildikdə;
5.6.7. investisiya qiymətli kağızlarının kütləvi təklifi nəzərdə tutulmadıqda;
5.6.8. investisiya qiymətli kağızları “Kraudfandinq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kraudfandinq platforması vasitəsilə təklif edildikdə. (Bu maddə 2027-ci il yanvarın 24-dən qüvvəyə minir.)
5.7. Emissiya prospektinə və informasiya memorandumuna daxil edilmiş məlumatlara görə aşağıdakı şəxslər məsuliyyət daşıyırlar:
5.7.1. emitent və onun emissiya prospektini və ya informasiya memorandumunu təsdiq edən və imzalayan orqanlarının üzvləri – bütün məlumatlar üzrə;
5.7.2. investisiya qiymətli kağızlarını kütləvi təklif edən şəxs – özü və kütləvi təklif edilən investisiya qiymətli kağızları üzrə;
5.7.3. təminatçı (olduqda) – özü və ya təqdim etdiyi təminat üzrə;
5.7.4. anderrayter – öhdəlikləri və təklif edilən investisiya qiymətli kağızları üzrə.
5.8. Emissiya prospekti və informasiya memorandumunu bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank təsdiq edir və bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş qaydada açıqlanır.
5.9. İnformasiya memorandumuna dair tələbləri Mərkəzi Bank müəyyən edir.
5.10. Emitent bir il ərzində investisiya qiymətli kağızlarının bir neçə (səhm istisna olmaqla) buraxılışı haqqında qərar qəbul etdiyi təqdirdə, baza emissiya prospekti tərtib edə bilər.
5.11. Baza emissiya prospektinə və onun əlavələrinə dair tələbləri Mərkəzi Bank müəyyən edir.
5.12. Baza emissiya prospekti bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən təsdiq edilir və bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş qaydada açıqlanır.
5.13. Baza emissiya prospektinə hər buraxılış üçün emitentin etdiyi dəyişikliklər bu Qanunun 10-cu maddəsinə uyğun olaraq Mərkəzi Banka təqdim edilir və buraxılış bu Qanunun 6-cı maddəsinə əsasən dövlət qeydiyyatına alınır.
5.14. Bu Qanunun emissiya prospektinə aid olan müddəaları baza prospektinə şamil olunur.
5.15. Emissiya prospekti və ya informasiya memorandumu təsdiq edildiyi tarixdən bir il ərzində investisiya qiymətli kağızları tənzimlənən bazarda ticarətə buraxılmadıqda və ya onların kütləvi təklifi həyata keçirilmədikdə, emissiya prospekti və ya informasiya memorandumu qüvvədən düşmüş hesab edilir. Emissiya prospektində və ya informasiya memorandumunda olan məlumatların yenilənməsi ilə əlaqədar bu Qanunun 10-cu maddəsinə uyğun olaraq əlavə və dəyişikliklər edildikdə, emissiya prospekti və ya informasiya memorandumu yenidən qüvvəyə minir.
5.16. Emissiya prospektinə və ya informasiya memorandumuna yarımillik və rüblük maliyyə hesabatları əlavə edildikdə, onlar emissiya prospekti və ya informasiya memorandumu qüvvədə olduğu müddət ərzində yenilənməlidir.