17.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzərində dövlət nəzarəti:
17.1.1. Azərbaycan Respublikasının bu sahədə qanunvericiliyinə əməl olunmasını;
17.1.2. qiymətli metalların və qiymətli daşların təbii ehtiyatlarından səmərəli istifadəni;
17.1.3. qiymətli metalların və qiymətli daşların istehsalında və emalında ekoloji cəhətdən zərərsiz texnologiyaların tətbiqini;
17.1.4. qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların müəyyən edilmiş qaydada qorunması qaydalarına riayət olunmasının təmin edilməsini nəzərdə tutur.
17.2. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzərində aşağıdakı dövlət nəzarəti növləri tətbiq olunur:
17.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hüquqi şəxslərdə qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, uçotu və saxlanılması üzərində qanunla müəyyən edilmiş qaydada nəzarət;
17.2.2. qiymətli metalları və qiymətli daşları istehsal, emal və istifadə edən, habelə onlardan hazırlanan məhsulları (o cümlədən zərgərlik və digər məişət məmulatlarını) satın alan, girov qəbul edən və bu sahədə vasitəçilik xidməti göstərən, həmin məhsulları (məmulatları, materialları) saxlayan və sərgilərini təşkil edən, qırıntıları və tullantıları tədarük edən hüquqi şəxslərdə qanunla müəyyən edilmiş qaydada aparılan nəzarət;
17.2.3. öz fəaliyyətində qiymətli metalların və qiymətli daşların, onların qırıntıları və tullantılarının emalını, istifadəsini, yığılmasını, tədqiqini həyata keçirən hüquqi şəxslərdə, hərbi hissələrdə və hərbi qurumlarda qanunla müəyyən edilmiş qaydada aparılan nəzarət;
17.2.4. fərdi sahibkarlar tərəfindən qanunvericiliyə uyğun olaraq qiymətli metallarla və qiymətli daşlarla aparılan əməliyyatlara qanunla müəyyən edilmiş qaydada nəzarət;
17.2.5. qanunla müəyyən edilmiş qaydada dövlət əyar nəzarəti;
17.2.6. qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (o cümlədən zərgərlik və digər məişət məmulatlarının) Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və ölkənin ərazisindən çıxarılmasına qanunla müəyyən edilmiş qaydada dövlət nəzarəti.
17.3. Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
17.4. Azərbaycan Respublikasında emal edilməmiş almazların idxalı və ixracı yalnız “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə üzv dövlətlərdən həyata keçirilə bilər. Emal edilməmiş almazların idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında həyata keçirilir.
* (Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanunu ilə əlavə edilmiş 17.3-cü və 17.4-cü maddələr Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.)