Qanunvericilik › Qrant haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Qrant

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Qrant — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir. “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını (qrant istisna olmaqla) təşkil edən vəsait istisna olmaqla, qrant müqaviləsi (qərarı) olmadan bələdiyyələr, habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz.

1-1. Sub-qrant - qrant müqaviləsi (qərarı) üzrə alınmış vəsaitdən həmin müqavilədə (qərarda) resipiyent kimi nəzərdə tutulmamış üçüncü şəxsə bu müqavilənin (qərarın) icrası məqsədi ilə ayrıca qrant müqaviləsinə (qərarına) əsasən verilən vəsaitdir.

2. Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz.

3. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və (və ya) başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə (qərara) əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə qran predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir.

4. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın (təşkilatların) və ya siyasi xadimin (xadimlərin) seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver