1. Qrant alanla münasibətlərində qrant verən donor sayılır.
2. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilərlər. Azərbaycan dövləti adından müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrə, Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxslərinə qrant verə bilər.
3. Azərbaycan dövləti adından qrantlar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına verilir. Belə qrantların verilməsi üçün dövlət büdcəsinin xərcləri tərkibində ayrıca sətirlə xüsusi vəsait nəzərdə tutula bilər. Lakin bu halda həmin vəsaitin formalaşdırılması üçün hər hansı əlavə vergilər tətbiq oluna və ya mövcud vergi dərəcələri yüksəldilə bilməz. Dövlət büdcəsi vəsaiti hesabına verilmiş qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarəti donor həyata keçirir.
4. Bələdiyyələr, Azərbaycan Respublikasının istənilən hüquqi şəxsi, habelə fiziki şəxsi Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxslərinə, o cümlədən bələdiyyələrə qrant verə bilər.
5. Beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər. Qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.
5-1. Bu maddənin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6. Qrant verməkdə, qrant alanı və gerçəkləşdirilməsi üçün qrant verdikləri layihə və proqramları seçməkdə donorlar tam sərbəstdirlər. Azərbaycan dövləti adından Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrantlar müsabiqə əsasında verilir.