1. Donorla resipiyent arasında yazılı müqavilə və ya qrant verilməsi haqqında donorun yazılı qərarı qrant verilməsi, alınması və istifadəsi üçün qanuni əsasdır. Müqavilədə (qərarda) qrantın məqsədi, məbləği, predmeti və əgər donor tərəfindən resipiyent qarşısında hansısa şərtlər qoyulmuşdursa, həmin şərtlər göstərilir.
2. Qrant yalnız müqavilədə və ya qərarda göstərilən məqsədlərin həyata keçirilməsi üçün istifadə oluna bilər. Qrantın başqa məqsədlər üzrə istifadə olunması, əgər bu, qrant haqqında müqavilədə (qərarda) nəzərdə tutulmamışdırsa, ancaq donorun əlavə yazılı razılığı ilə mümkündür.
3. Qrant predmeti olan layihə həyata keçirilən dövrdə qrant kimi verilən, yaxud qrant hesabına əldə edilən dəyərlərin satılıb pula çevrilməsi yalnız qrant haqqında müqavilədə belə əməliyyatlar nəzərdə tutulduqda, əks təqdirdə isə donorun əlavə yazılı razılığı ilə mümkündür. Bu halda resipiyentin sərəncamına daxil olan maliyyə vəsaiti qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir.
4. Bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən təqdim olunur.
4-1. Bu maddədə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.
4-2. Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
4-3. Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının) “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər.
5. Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri, habelə bələdiyyələr tərəfindən verilmiş və Azərbaycan Respublikasının resipiyentləri tərəfindən alınmış qrantlar haqqında ildə bir dəfədən az olmayaraq, mediada ümumiləşdirilmiş məlumat verməlidir.
6. Qrant hesabına hazırlanan çap, audio, audio-vizual, kino və başqa materiallarda, keçirilən konfrans, seminar və digər ictimai tədbirlərdə bunların maliyyələşdirmə mənbəyi haqqında məlumat verilməlidir.