1. Donorla münasibətlərində qrant alan resipiyent sayılır.
2. Aşağıdakılar resipiyent ola bilərlər:
müvafiq icra hakimiyyəti orqanı qismində Azərbaycan dövləti;
Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar (müvafiq icra hakimiyyəti orqanları bu maddənin 2-1-ci hissəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq);
bələdiyyələr;
publik hüquqi şəxslər;
Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqla birbaşa mənfəət götürmək məqsədi güdməyən rezident və qeyri-rezident olan hüquqi şəxslər, onların filial, nümayəndəlik və şöbələri (həmin resipiyentlər yalnız bu Qanunun 2-ci maddəsinin 2-ci və 4-cü hissələrində nəzərdə tutulmuş donorlardan, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) olan donorlardan qrant ala bilərlər);
Azərbaycan Respublikasının fiziki şəxsləri.
2-1. Azərbaycan Respublikasının adından qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
2-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Azərbaycan Respublikasının adından və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) adından aldığı qrantların reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır.
3. Qrant almaqda, donoru və gerçəkləşdirilməsi üçün qrant aldıqları layihə və proqramları seçməkdə Azərbaycan Respublikasından olan resipiyentlər tam sərbəstdirlər.
4. Azərbaycan Respublikasından olan donorlar xarici ölkələrin hüquqi və ya fiziki şəxslərinə qrant verərkən resipiyent qismində kimlərin çıxış edə bilməsi həmin ölkələrin qanunvericiliyi ilə müəyyənləşdirilir.
5. Resipiyentlər qrant müqavilələrinin (qərarların) şərtlərinə uyğun olaraq fəaliyyət göstərirlər.