32.1. Lotereyaların (stimullaşdırıcı lotereya istisna edilməklə) və idman mərc oyunlarının reklamının sifarişçisi qismində “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş lotereya təşkilatçısı (stimullaşdırıcı lotereyanın təşkilatçısı istisna olmaqla) və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş idman mərc oyunlarının operatoru çıxış edir. Reklam bilet və kuponların üzərində yerləşdirilə bilər.
32.1-1. Lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamının sifarişçisi qismində “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununun 8-2.4-cü maddəsində nəzərdə tutulmuş hüquqi şəxs çıxış edir.
32.2. Reklamda “Milli Olimpiya Komitəsi” və “Milli Olimpiya komandası” adından, onlardan yaranmış sözlərdən və söz birləşmələrindən yalnız Milli Olimpiya Komitəsi ilə bağlanan müqavilə əsasında istifadə edilə bilər.
32.3. İdman tədbirinin, idman mərc oyununun keçirildiyi yerdə reklamın yerləşdirilməsi üçün reklamverici və ya reklam agenti yaxud reklam yayıcısı, rəqəmsal platforma təsirçisi idman tədbirinin təşkilatçısı yaxud idman mərc oyunlarının operatoru ilə müqavilə bağlayır.
32.4. İdman mərc oyununda, lisenziya əsasında təşkil edilən kazino oyununda və ya lotereyada uduş qazanmış şəxsin yazılı razılığı olmadan, adı reklamda açıqlana bilməz.
32.5. İdman mərc oyunlarının, lisenziya əsasında təşkil edilən kazino oyunlarının və lotereyaların reklamında aşağıdakılar qadağandır:
32.5.1. yetkinlik yaşına çatmayanlara müraciət olunması;
32.5.2. bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;
32.5.3. oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması;
32.5.4. oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.
32.6. İdman mərc oyunlarının, lisenziya əsasında təşkil edilən kazino oyunlarının və lotereyaların reklamı telekommunikasiya, nəqliyyat vasitələrində, mediada, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. İdman mərc oyunlarının, lisenziya əsasında təşkil edilən kazino oyunlarının və lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
32.7. Bu maddədə nəzərdə tutulan lotereyalar, idman mərc oyunları və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.