33.1. Maliyyə, bank, sığorta, investisiya, ödəniş xidmətlərinin, qiymətli kağızların reklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır.
33.2. İnvestisiya xidmətlərinin və qiymətli kağızların reklamında aşağıdakılara yol verilmir:
33.2.1. müvafiq müqavilənin bağlandığı vaxt xidmətdən istifadənin səmərəliliyini müəyyən etmək mümkün olmadıqda, əvvəlki dövrlərin göstəriciləri əsasında gələcəkdə fayda əldə olunacağına zəmanət yaxud vəd verilməsi;
33.2.2. mövcud yaxud baş verməsi gözlənilən risklərin, gəlirlərə təsir göstərən müqavilə şərtlərinin reklam istehlakçısından gizlədilməsi;
33.2.3. buraxılışı dövlət qeydiyyatından keçməmiş qiymətli kağızların reklamı;
33.2.4. satışa çıxarılması barədə qərar qəbul edilənədək qiymətli kağızların reklamı;
33.2.5. təqdim olunan məlumatların emissiya prospektində əks olunan məlumatlarla ziddiyyət təşkil etməsi.
33.3. Pay iştirakı əsasında tikintisinə icazə tələb olunan yaşayış binalarının və başqa daşınmaz əmlak obyektlərinin tikintisi üçün pul vəsaitlərinin toplanması ilə əlaqədar olan reklam, onların tikintisinə icazə alındıqdan sonra yayımlana bilər.
33.4. İstehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı məlumat verildikdə, istehlakçı aşağıdakılar barədə də məlumatlandırılmalıdır:
33.4.1. kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər;
33.4.2. kreditin müddəti;
33.4.3. kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ;
33.4.4. kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilə bilinmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi;
33.4.5. bu Qanunun 33.4.1-33.4.4-cü maddələrində nəzərdə tutulan məlumatlar digər məlumatlardan kiçik olmayan və aydın şəkildə oxuna bilən ölçülərdə yayımlanmalıdır.
33.5. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu Qanunun 33.1-ci və 33.4-cü maddələrində göstərilən məlumatların qeyd edilməsi mümkün olmadıqda, reklam istehlakçısına həmin məlumatlarla tanış olmaq imkanı yaradılmalı və bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.