10.1. Sahibkarda plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi onun aid olduğu risk qrupundan asılıdır və bu maddədə hər risk qrupu üçün müəyyən edilmiş dövrilikdən artıq dövriliklə aparıla bilməz.
10.2. Bu Qanunun 10.3-cü maddəsində göstərilən sahələr istisna olmaqla, plan üzrə (növbəti) yoxlamalar aşağıdakı dövriliklə aparılır:
10.2.1. yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə - ildə bir dəfədən çox olmayaraq;
10.2.2. orta risk qrupuna aid edilən sahibkara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq;
10.2.3. aşağı risk qrupuna aid edilən sahibkara münasibətdə - üç ildə bir dəfədən çox olmayaraq.
10.3. Qida və yem məhsullarının təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində plan üzrə (növbəti) yoxlamalar aşağıdakı dövriliklə aparılır:
10.3.1. yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə - altı ayda bir dəfədən çox olmayaraq;
10.3.2. orta risk qrupuna aid edilən sahibkarlara münasibətdə - ildə bir dəfədən çox olmayaraq;
10.3.3. aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq.
10.4. Son iki yoxlama nəticəsində sahibkarın fəaliyyətində məcburi tələblərin pozulması aşkar edilmədikdə və ya aşkar edilmiş pozuntular insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratmırsa və ya mühüm zərər vurmursa, həmin sahibkarda plan üzrə (növbəti) yoxlama onun aid olduğu risk qrupu üçün müəyyən edilmiş dövrilik 1,5 dəfə artırılmaqla təyin edilir.
10.5. Bu Qanunun 10.2-ci və 10.3-cü maddələrində göstərilən müddətlər sonuncu plan üzrə (növbəti) yoxlamanın başa çatması tarixindən, barəsində plan üzrə (növbəti) yoxlamalar aparılmamış sahibkarla münasibətdə onun dövlət qeydiyyatına alındığı tarixdən, sahibkarın risk qrupu dəyişildikdə isə risk qrupunun dəyişməsi tarixindən başlayaraq hesablanır.
10.6. Sahibkarın müəyyən risk qrupuna aid edilməsi barədə məlumat yoxlayıcı orqan tərəfindən yoxlamaların vahid məlumat reyestrinə daxil edilməlidir və həmin məlumat yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün açıq olmalıdır.