Qanunvericilik › Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Yoxlayıcının səlahiyyətləri və yoxlayıcıya dair tələblər

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Yoxlayıcının səlahiyyətləri yoxlayıcı orqanın səlahiyyətləri ilə məhdudlaşır. Yoxlayıcılara yoxlamanın aparılmasından başqa digər səlahiyyətlər, o cümlədən sahibkarın fəaliyyətinin məhdudlaşdırılması, yoxlama materiallarına baxılması və nəticələri üzrə qərarın qəbul edilməsi, məsuliyyət tədbirlərinin tətbiqi, cərimələrin toplanması səlahiyyətləri verilə bilməz.

7.2. Yoxlayıcı təmsil etdiyi yoxlayıcı orqanın nəzarət sahəsinə aid olmayan məsələləri yoxlaya və həmin məsələlərlə bağlı materiallarla tanış ola bilməz.

7.3. Yoxlayıcı yüksək peşəkarlıq tələblərinə cavab verməlidir. Yoxlayıcı orqana işə qəbul olunmuş şəxslər yoxlamaya buraxılmamışdan əvvəl yoxlama prosedurlarına dair təlim keçməlidirlər. Təlim yoxlayıcı orqan tərəfindən yoxlayıcıların peşəkarlığının artırılması məqsədi ilə ildə ən azı bir dəfə təşkil edilir.

7.4. Yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və dövlət qulluğunun xüsusi növlərində qulluq keçməni tənzimləyən Azərbaycan Respublikasının başqa qanunlarına uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.

7.5. Hər bir yoxlayıcı orqan illik təlim planı qəbul etməlidir. Planda əhatə olunacaq mövzular, ayrılmış resurslar, təlim keçəcək işçilər və qiymətləndirmə metodu öz əksini tapmalıdır. Təlim planları üzrə yoxlayıcıların aşağıdakı sahələr (istiqamətlər) üzrə səriştələrinin artırılması təmin edilməlidir:

7.5.1. müvafiq yoxlama sahəsi üzrə peşə biliyi;

7.5.2. risklərin idarə olunması;

7.5.3. məcburi tələblərə riayət edilməsinin təşviqi, eləcə də sahibkarlar və ictimaiyyətlə ünsiyyət;

7.5.4. yoxlamanın nəticələrinə uyğun olaraq görülən tədbirlər.

7.5-1. Yoxlayıcının peşəkarlıq səviyyəsinin müvafiq peşə və kvalifikasiya standartlarına uyğunluğu bu Qanunun 7.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla yoxlayıcı orqan tərəfindən təlimlər vasitəsilə təmin edilməlidir.

7.6. Yoxlayıcı orqanın səlahiyyətlərini müəyyən edən normativ hüquqi aktlarda başqa qayda nəzərdə tutulmadıqda, yoxlayıcıların fəaliyyətinə birbaşa nəzarəti yoxlayıcı orqanın rəhbərliyi və daxili nəzarət qurumu həyata keçirir.

7.7. Yoxlayıcılar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əldə olunması məhdudlaşdırılan informasiyanın qorunmasını təmin etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver