Qanunvericilik › Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Sahibkarlara izahatların və məsləhətlərin verilməsi

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri müəyyən edən normativ hüquqi aktlara (o cümlədən, texniki normativ hüquqi aktlara) sahibkarların sərbəst, ödənişsiz və məhdudiyyətsiz çıxışı təmin olunmalıdır.

8.2. Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktlar (o cümlədən, texniki normativ hüquqi aktlar), habelə yoxlamanın hər bir mərhələsini, o cümlədən yoxlayıcı orqan tərəfindən qəbul edilmiş qərarlardan şikayət verilməsini tənzimləyən qaydalar, yoxlayıcı orqanın səlahiyyətlərini əks etdirən məlumatlar, yoxlama suallarının siyahısı, sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin tətbiqi barədə verilən izahatlar, tez-tez verilən suallara cavablar, həmçinin sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə xidmət edə biləcək məlumatlar yoxlayıcı orqanların rəsmi internet saytlarında yerləşdirilir və həmin məlumatlarda dəyişikliklər baş verdikcə onlar yenilənir.

8.3. Sahibkar metodiki köməklik göstərilməsi, məsləhət almaq və vəziyyəti qiymətləndirmək üçün yoxlayıcı orqana müraciət etmək və onu yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana dəvət etmək hüququna malikdir.

8.4. Yoxlayıcı orqan məcburi tələblərin tətbiqi ilə bağlı səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur.

8.5. Yoxlayıcı orqan bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş məsələlər üzrə sahibkarların daha operativ məlumatlandırılması məqsədi ilə ödənişsiz telefon məlumat xidməti yaratmalıdır. Telefon məlumat xidməti vasitəsilə alınan izahata və göstərilən metodiki köməkliyə uyğun hərəkət edən sahibkarın ona istinad etməsinə şərait yaradılması üçün yoxlayıcı orqan verdiyi məlumatları texniki vasitələrin köməyi ilə qeydə almalıdır. Sahibkar qeydə alınmış izahatın səs yazısının elektron daşıyıcıda olan surətini yazıldığı gündən üç ay ərzində almaq hüququna malikdir.

8.5-1. Yoxlayıcı orqan göstərdiyi metodiki köməkliyə, verdiyi izahat və məsləhətlərə görə məsuliyyət daşıyır və bu xidmətlərin keyfiyyətini ölçmək və təkmilləşdirmək üçün tədbirlər görür.

8.6. Bu Qanunun 8.4-cü və 8.5-ci maddələrinə əsasən verilən izahatlara, məsləhətlərə və göstərilən metodiki köməkliyə əsaslanmaqla həyata keçirilən fəaliyyət zamanı yol verilən pozuntulara görə sahibkar məsuliyyətə cəlb edilə bilməz.

8.7. Yoxlayıcı orqan tərəfindən izahatlar, məsləhətlər verildikdən və ya metodiki köməklik göstərildikdən sonra həmin izahatın, məsləhətin və ya metodiki köməkliyin əsaslandığı hüquqi aktlarda dəyişikliklər olduqda, bu Qanunun 8.6-cı maddəsi tətbiq edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver