1. Azərbaycan Respublikasının dövlət sanitariya nəzarəti orqanlarının və sanitariya-epidemioloji xidmət müəssisələrinin fəaliyyəti tabeliyində olduqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin edilir.
2. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanlarına və idarələrinə rəhbərlik etmək müvafiq surətdə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası, şəhər və rayon, habelə hava və su nəqliyyatı baş dövlət sanitariya həkimlərinə və onların müavinlərinə həvalə olunur.
3. Dövlət sanitariya nəzarətini həyata keçirən şəxslər aşağıdakı qaydada vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar:
Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimini— Azərbaycan Respublikası səhiyyə nazirinin müavinini Azərbaycan Respublikası səhiyyə nazirinin təqdimatı üzrə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin edir və vəzifədən azad edir;
Naxçıvan Muxtar Respublikasının baş dövlət sanitariya həkimini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti vəzifəyə təyin edir və vəzifədən azad edir;
şəhər, rayon baş dövlət sanitariya həkimlərini yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəyə təyin edir və vəzifədən azad edir;
idarə sanitariya nəzarəti üzrə baş sanitariya həkimləri və onların müavinləri respublika baş dövlət sanitariya həkimi ilə razılaşdırıldıqdan sonra vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar.
4. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin müəyyənləşdirilməsi və maddi-texniki təminatı respublika büdcəsi və müəyyənləşdirilmiş qaydada daxil olan büdcədənkənar vəsait hesabına həyata keçirilir.
Fövqəladə vəziyyətlərdə yoluxucu və digər kütləvi xəstəlikləri və zəhərlənmələri ləğv etmək və onların yayılmasının qarşısını almaq üçün sanitariya-gigiyena tədbirlərinə və epidemiya əleyhinə tədbirlərə çəkilən xərcləri maliyyələşdirmək məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yanında xüsusi fond yaradılır.