Qanunvericilik › Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 34

Maddə 34. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin hüquqları

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti aşağıdakı hüquqlara malikdir:

1) Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin yerinə yetirilməsini, sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görülməsini, qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsini yoxlamaq məqsədilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq qida zənciri obyektləri istisna olmaqla müəssisələrə, təşkilatlara və idarələrə maneəsiz gedib (müəyyən edilmiş nümunəli xidməti vəsiqəsini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən həmçinin yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) yoxlama aparmaq, vətəndaşların yaşayış şəraitini, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin iş şəraitini yoxlamaq və sanitariya normaları və qaydaları, gigiyena normativləri pozuntularını aradan qaldırmağı onlardan tələb etmək;

2) zəruri hallarda elmi müəssisə və təşkilatlara, laboratoriyalarına, ali məktəblərə, digər müəssisələrə xüsusi ekspertizalar və məsləhətləşmələr keçirməyi tapşırmaq;

3) qida zənciri obyektləri istisna olmaqla layihələşdirmə və tikinti işlərini, habelə tikintisi, yenidən qurulması başa çatdırılmış obyektlərin və onların buraxılış komplekslərinin istismara verilməsini, işləyən müəssisələrin, təşkilatların, ayrı-ayrı istehsal sexlərinin, sahələrinin, otaqlarının, binalarının, qurğularının, avadanlığının, nəqliyyat vasitələrinin istismarını, eləcə də ayrı-ayrı iş və istehsal fəaliyyəti növlərinin yerinə yetirilməsinin, xalq təsərrüfatı məhsullarının istehsalına başlanmasını və tətbiqini, içməli su mənbələrindən və təsərrüfat, mədəni-sağlamlaşdırma məqsədləri üçün su mənbələrindən istifadə olunmasını zəruri tədbirlər görülənədək və sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin mövcud pozuntuları aradan qaldırılanadək dayandırmaq, bu normalara və qaydalara, normativlərə əməl etmək mümkün olmadıqda isə həmin işlərə xitam vermək;

4) sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğun gəlməyən torpaq sahəsinin seçilməsinə, yaşayış, ictimai, istehsal obyektlərinin və digər xalq təsərrüfatı obyektlərinin tikilməsinə, yenidən qurulmasına və genişləndirilməsinə dair layihəqabağı sənədləri və layihə sənədlərini razılaşdırılmaq üçün qəbul etməmək;

5) yaşayış məntəqələrinin planlaşdırılması, tikintisi layihələri və xalq təsərrüfatı obyektlərinin yerləşdirilməsinə dair perspektiv planların layihələri barəsində, tikinti üçün torpaq sahələri verilməsi, əhalinin sudan istifadə yerlərinin və şərtlərinin müəyyənləşdirilməsi, çirkab suların axıdılması, zəhərli kimyəvi, radioaktiv və başqa maddələrin işlədilməsi və basdırılması qaydası barəsində, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması layihələri barəsində dövlət orqanlarına, ictimai birliklərə, müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əsaslanmaqla hazırlanan, hökmən yerinə yetirilməli olan rəyləri müəyyən edilmiş qaydada vermək;

6) qida məhsulları istisna olmaqla yeni növ xammal, materiallar, maddələr, məmulat, digər xalq təsərrüfatı məhsulları, onların istehsalı texnologiyaları standartlarının və texniki şərtlərinin layihələrinə baxıb rəy vermək;

7) qida zənciri obyektləri istisna olmaqla sənaye, ictimai və yaşayış binalarının, komplekslərinin, kənd təsərrüfatı müəssisələrinin və qurğularının, digər müəssisələrin və qurğuların qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğun olub-olmaması barədə rəy vermək;

8) qida zənciri obyektlərində fəaliyyət göstərən şəxslər istisna olmaqla çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin, habelə sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənar edilməsini, yoluxucu və parazitar xəstəliklərə tutulan, ətrafdakılar üçün təhlükə yaradan şəxslərin xəstəxanaya yerləşdirilməsini, epidemiya əleyhinə və profilaktika tədbirləri görülməsini ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin rəhbərlərindən, vəzifəli şəxslərdən və vətəndaşlardan tələb etmək;

9) qida zənciri obyektləri istisna olmaqla obyektlərin sanitariya vəziyyətini aydınlaşdırmaq və sağlamlıq vəziyyətinin epidemioloji analizini keçirmək üçün zəruri olan ayrı-ayrı sənədləri, məlumatı və izahatı vəzifəli şəxslərdən və vətəndaşlardan tələb etmək;

10) laboratoriya analizinin və gigiyena ekspertizasının keçirilməsi üçün məmulatı, əşyaları və materialları götürmək, habelə tədqiqatlar (ölçmələr) aparmaq;

11) epidemioloji göstəricilər əsasında əhaliyə və ya vətəndaşların ayrı-ayrı qruplarına profilaktik peyvəndlər vurmaq haqqında, profilaktika məqsədilə və yoluxucu xəstəlik mənbələrində, habelə bu xəstəliklərin əmələ gəlməsi üçün şərait olan binalarda və ərazidə dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya aparmaq haqqında qərar qəbul etmək;

12) Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin, sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması faktları barədə materiallara baxılması üçün vəzifəli şəxsləri və vətəndaşlar dövlət sanitariya-epidemioloji xidmət müəssisələrinə çağırmaq;

13) vəzifəli şəxslərin və vətəndaşların sanitariya sahəsində inzibati xətalara dair işlərə baxmaq, inzibati tənbeh etmək, cinayət işlərinin qaldırılması üçün materialları istintaq orqanlarına vermək, inzibati təsir tədbirləri görülməsinə dair idarəetmə orqanlarına təkliflər vermək və görülmüş iş barəsində onlardan məlumat tələb etmək;

14) əhalinin kütləvi xəstələnməsi və zəhərlənməsi (qida zəhərlənmələri istisna olmaqla) zamanı sanitariya-gigiyena tədbirlərinin, epidemiya əleyhinə və digər tibbi tədbirlərin görülməsi üçün müalicə profilaktika və sanitariya profilaktika müəssisələrinin çəkdikləri xərclərin ödənilməsi barədə tələblər irəli sürmək.

1-1. Bu maddənin 1, 2, 4-12 və 14-cü bəndlərində nəzərdə tutulmuş hüquqları Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi, Naxçıvan Muxtar Respublikası, şəhər və rayon, hava və su nəqliyyatı baş dövlət sanitariya həkimləri və onların müavinləri həyata keçirirlər.

2. Naxçıvan Muxtar Respublikasının, şəhərlərin və rayonların baş dövlət sanitariya həkimləri müəyyənləşdirilmiş qaydada müvəqqəti yerli sanitariya qaydalarını təsdiq, nəşr və tətbiq etmək hüququna da malikdirlər.

3. Bu maddənin 1, 9, 10, və 11-ci bəndlərində nəzərdə tutulmuş hüquqlar Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmət müəssisələrinin mütəxəssislərinə də şamil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver