Qanunvericilik › Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Toplantının keçirilməsi barədə xəbərdarlıq

Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.

II. Yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır:

1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması;

2) toplantının ümumi məqsədi;

3) toplantının keçirilmə yeri və vaxtı;

4) iştirakçıların təxmini sayı;

5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer);

6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı);

7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix;

8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı.

Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər.

III. Toplantı təşkilatçılarının hamısı yazılı xəbərdarlığı imzalamalıdırlar.

IV. Təsadüfi toplantılar üçün yazılı xəbərdarlığın təqdim edilməsi tələb olunmur. Təsadüfi toplantılar bu Qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver